...

Politoloq: Minsk Qrupunun mövqeyində dəyişiklik var, amma bu, Ermənistanın ağıllanması üçün qaneedici deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyun 2014 12:15 (UTC +04:00)
"ATƏT-in Minsk Qrupu vasitəçilərinin mövqeyində dəyişiklik var, amma bu, Ermənistanın ağıllanması üçün qaneedici deyil. Vasitəçilər 12 may bəyanatında Dağlıq Qarabağ ətrafındakı rayonları "işğal olunmuş ərazilər" adlandırdılar".
Politoloq: Minsk Qrupunun mövqeyində dəyişiklik var, amma bu, Ermənistanın ağıllanması üçün qaneedici deyil

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İlkin İzzət/

"ATƏT-in Minsk Qrupu vasitəçilərinin mövqeyində dəyişiklik var, amma bu, Ermənistanın ağıllanması üçün qaneedici deyil. Vasitəçilər 12 may bəyanatında Dağlıq Qarabağ ətrafındakı rayonları "işğal olunmuş ərazilər" adlandırdılar". Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq deyib ki, bu, tənzimlənmənin gedişinə təsir edəcək mühüm dəyişiklikdir: "Həm Azərbaycana müharibəyə başlamağa yol açılır və həm də vasitəçilər BMT TŞ-yə müraciət edə bilərlər. İkinci dəyişiklik ABŞ-ın mövqeyində baş verdi. ABŞ tənzimlənmə üçün əsas kimi 2009-2013-cü illərdə ATƏT MQ həmsədr ölkə prezidentlərinin imzaladıqları sənədləri qəbul etdiyini bildirdi. Bu, Yenilənmiş Madrid Prinsiplərinin tənzimlənmə üçün yeganə variant olması deməkdir. Ermənistan 2009-cu ildə ATƏT MQ həmsədr ölkə prezidentlərinin imzaladığı sənədlə 2008-ci ildə ATƏT MQ həmsədr ölkə xarici işlər nazirlərinin imzaladığı sənəd arasında balans yaratmağa çalışırdı. Sankt-Peterburq, Soçi və Kazan görüşlərinin mahiyyəti bundan ibarət idi. ABŞ-ın bu mövqeyi digər həmsədrlər tərəfindən də dəstəklənir. Bu həm də "amerikan" variantının ABŞ tərəfindən imtinası kimi də başa düşülə bilər. Həmsədrlər yalnız 2009-cu ildən sonra qəbul edilmiş sənədləri danışıq stolunda saxladılar. 2009-cu ildən sonrakı sənədlərdə göstərilir ki, əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılır, sonra isə Dağlıq Qarabağın statusu müəyyənləşir".

M.Əhmədoğlunun sözlərinə görə, Azərbaycan Yenilənmiş Madrid Prinsiplərini tənzimlənmə üçün əsas kimi qəbul edib: "Ermənistan isə Yenilənmiş Madrid Prinsiplərini tənzimlənmə üçün əsas kimi qəbul etməyib. Yalnız danışıqlara əsas yarada bilən sənəd kimi qəbul edib. Həmsədrlərin mövqeyindəki üçüncü dəyişiklik qoşunların təmas xəttindəki insidentləri tədqiq etmək üçün vəsait və qurğu tapa bilmədiklərini bəyan etmələridir. Əslində bu, qoşunların təmas xəttində insidentlərin tədqiq olunma mexanizmini siyasiləşdirən Ermənistana cavabdır. Ermənistan qoşunların indiki təmas xəttində baş verən insidentləri tədqiq mexanizmləri qurmaqla qoşunların təmas xəttinin indiki coğrafiyasını uzun müddət dəyişməz etmək istəyir. Bu isə status-kvonun uzun müddət davam etməsi deməkdir. Vasitəçilər və Azərbaycan status-kvonun dəyişməsinin tərəfdarıdırlar.

Bu üç dəyişiklik nə qədər mühüm olsa da, Ermənistana zərrə qədər təsir etməyəcək. Çünki tamam ayrı materiyadırlar. "Amerikan variantı" ilə ATƏT MQ həmsədrlərinin 12 may bəyanatı arasındakı fərqdən istifadə edən Ermənistan tənzimlənməyə hazır kimi görünmür. Ən kəsərli addım vasitəçilər tərəfindən beynəlxalq hüququn işə salınmasıdır. Vasitəçilər Ermənistana çoxdan deməliydilər ki, Dağlıq Qarabağın statusu Dağlıq Qarabağ azərbaycanlılarının iştirakı olmadan müəyyən edilə bilməyəcək. Erməniləri başa salmalıydılar ki, Dağlıq Qarabağın statusunun müzakirəsinin başlanmasının ən əsas şərti isə Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad edilməsi və Azərbaycana qaytarılmasıdır".

Politoloq hesab edir ki, ATƏT MQ həmsədrləri Ermənistana belə konkret iradlar bildirməməklə əslində Ermənistanı çətin vəziyyətə salıblar: "Vaxtilə həmsədrlər "Fitch`s" beynəlxalq reytinq təşkilatı vasitəsilə Dünya Bankından və Beynəlxalq Valyuta Fondundan Ermənistana kredit də təşkil etdilər. Həmin kredit Ermənistanın inkişafına şərait yaratmadı, indi isə borc yükünə çevrilib. Vasitəçilər Ermənistana hörmət edirlərsə tənzimlənmə prosesini sürətləndirməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti