...

34 azərbaycanlı Ermənistan və Dağlıq Qarabağda saxlanılır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2014 14:24 (UTC +04:00)
Bizdə 50 azərbaycanlının Ermənistanda və Dağlıq Qarabağda müxtəlif yerlərdə saxlanılması barədə səhih məlumatlar var idi.
34 azərbaycanlı Ermənistan və Dağlıq Qarabağda saxlanılır

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir İlkin İzzət/

"Bizdə 50 azərbaycanlının Ermənistanda və Dağlıq Qarabağda müxtəlif yerlərdə saxlanılması barədə səhih məlumatlar var idi. Həmin 50 nəfər insana Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri 1999-cu ildə və ondan sonra bir neçə dəfə baş çəkib və onları qeydiyyata götürmüşdülər". Trend xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov bu gün jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, Dövlət Komissiyası onların taleyinə aydınlıq gətirmək, onların azad olunması üçün fəaliyyət göstərib: "Biz diqqətə çatdırmışdıq ki, əgər bu insanlar Ermənistanda və ya işğal olunmuş Dağlıq Qarabağda müxtəlif yerlərdə uzun müddət saxlanılırlarsa, onların azad olunması vacibdir. Biz beynəlxalq təşkilatlarla onların
azad olunması istiqamətində birgə fəaliyyət göstərirdik. Amma belə alındı ki, onlardan bizə yalnız 16 nəfərin meyiti qaytarıldı. Meyitlərə baxanda görünürdü ki, onlar yaxın məsafədən atəş açılaraq qətlə yetirilmişdilər. Ermənilər deyirdilər ki, onlar guya saxlama yerlərindən qaçmağa cəhd etdikləri üçün keşikçilər tərəfindən öldürülüblər. Bir qismi də, deyirdilər ki, guya xəstəlikdən ölüb. Biz də dedik ki, Ermənistan ərazisində hansı epidemiya yayılmışdı ki, onlar eyni gündə, eyni vaxtda həlak olublar? Digər 34 nəfərlə bağlı ermənilər heç bir məlumat vermirlər. Bunlar o insanlardır ki, onlara beynəlxalq təşkilatların nümayəndələri baş çəkib, onlarla orada görüşüblər. Onlar beynəlxalq təşkilatlarda qeydiyyatdadırlar. Lakin ermənilər onları vermirlər. Deyirlər ki, bizdə belə bir adam da, onlar haqqında məlumat da yoxdur".

Qeyd edək ki, bu gün Bakı Dövlət Universitetində "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: dünya həqiqətləri bilməlidir" mövzusunda keçirilən konfransda çıxışı zamanı Firudin Sadıqov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra ilk illərdə əsir və itkin düşən azərbaycanlıların sayı 8 min nəfərə qədər olub. Onların bir çox hissəsi qaytarılıb, bir çoxlarının taleyinə aydınlıq gətirilib. Hazırda münaqişə zamanı itkin düşmüş kimi siyahıda 4016 nəfər vətəndaşımızın adı var. Onlardan da böyük qrupunun döyüşlərin aktiv fazası zamanı ermənilər tərəfindən əsir və girov götürüldüyünə dair faktlar var. Ermənilər torpaqlarımızı işğal edərkən 870 nəfərdən artıq insanı sağ şəkildə ələ keçiriblər. Onlardan bir qismi döyüş zamanı əsir alınıb, bir qismi mülki şəxs kimi girov götürülüb. Lakin ermənilər bu faktarı təkzib edir və onları Azərbaycan tərəfinə vermək istəmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti