...

Albaniya Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və ətraf rayonlardan dərhal çıxarılmasına çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Aprel 2016 18:18 (UTC +04:00)
Albaniya Parlamentinin spikeri İlir Meta Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ermənistan tərəfinin atəşkəs rejiminin pozulması üçün hərbi təxribata əl atması ilə bağlı müraciətinə cavab olaraq açıqlama verib.
Albaniya Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və ətraf rayonlardan dərhal çıxarılmasına çağırır

Bakı. Trend:

Albaniya Parlamentinin spikeri İlir Meta Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ermənistan tərəfinin atəşkəs rejiminin pozulması üçün hərbi təxribata əl atması ilə bağlı müraciətinə cavab olaraq açıqlama verib.

TEAS-dan Trend-ə verilən məlumata görə, İ.Meta bildirib ki, Albaniya Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən sonuncu böhran zamanı zorakılığın artması, mülki obyektlərin dağıdılması və insan itkilərinin baş verməsi ilə bağlı narahatlıq keçirir: "Biz beynəlxalq ictimaiyyətin səylərini, atəşkəs rejiminin dərhal bərpası çağırışlarını, vəziyyətin de-eskalasiyası və müki əhalinin müdafiə edilməsini dəstəkləyirik. Beynəlxalq hüquq və qaydalara üstünlük verilməli, tərəflər BMT Təhlükəsizlik Şurasının qətnamələrini əldə rəhbər tutaraq, münaqişənin hərtərəfli, yekun və davamlı həlli üçün danışıqlara başlamalıdırlar. Bu tam aydın olan, həm Avropa İttifaqı, həm də ATƏT tərəfindən qəbul edilən prinsiplər münaqişənin həlli üçün əsas olmalıdır. Bu akt və prinsiplərə əsasən Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və ATƏT-in Minsk qrupu bütün tərəfləri danışıqlara cəlb etmək və münaqişənin həlli yollarının tapılmasına yardım etmək üçün düzgün platformadır".

Spikerin sözlərinə görə, Albaniya inanır ki, ərazi bütövlüyü prinsipi müasir dövlətlərarası münasibətlərin tənzimlənməsində başlıca nizam vasitəsidir: "Bura, həmçinin işğalın və əhalinin öz torpağından sıxışdırılmasının pislənməsi də daxildir. Albaniya Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir. Tamamilə uyğundur ki, beynəlxalq ictimaiyyət müvafiq imkanlar yaranan kimi məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qaydada qayıtmasına səylərini artırsın. İstənilən təcavüz dayandırılmalı və qarşısı alınmalıdır. Əks təqdirdə, onun nəticələri dağıdıcı ola bilər. Xüsusilə günahsız mülki vətəndaşların həyatlarını müdafiə etmək lazımdır".

İ.Meta qeyd edib ki, Yaxın Şərq, Balkanlar və Avropada baş verən hazırkı qaçqın böhranı münaqişələrin vaxtında qarşısının alınmamasının pis nümunəsidir: "Bu, beynəlxalq əməkdaşlığın əsas hədəfi olmalıdır. Əks halda biz dağıdıcı müharibənin qonşuluğunda yerləşən mürəkkəb regionda vəziyyətin pisləşməsi ilə risk edirik ki, burada sülh, stabillik və qlobal iqtisadiyyat üçün nəticələrin kəskin pisləşməsi potensialı böyükdür".

O vurğulayıb ki, Azərbaycan, regiondakı sülh və stabillik Albaniya, Balkanlar və Avropa üçün çox vacibdir: "Enerji diversifikasiyası, enerji təhlükəsizliyi layihələri və "Cənub Qaz Dəhlizi"nin gələcəyi çox önəmlidir və daha bir münaqişə tərəfindən təhlükə altına qoyulmamalıdır. Azərbaycan düzgün istiqamətdə ilk addımı atıb. Bu, Azərbaycanın sülhə sədaqətini nümayiş etdirir və əks tərəfdən də müvafiq cavabı gözləyir. Buna görə də biz Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və ətraf yeddi rayondan dərhal çıxarılmasına çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti