Bakı. Trend:
Cəbhədə nələr baş verdi?
Cəbhədə baş verən son hadisələrdən sonra dünya ictimaiyyətinin diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəldi. Ortalıqda hansı təkliflər var, hansı müzakirələr aparılır?
Münaqişənin mərhələli həlli daha çox müzakirə edilir. "5+2" formatı və rəsmi Bakının qəbul etdiyi mərhələli həll nədir?
Sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi üzrə hansı müzakirələr gedir?
Serj Sarkisyan hakimiyyətinin bundan sonra atacağı hansı addımlardan danışmaq olar?
Hərbi status-kvonun dəyişməsindən sonra Azərbaycan hansı siyasi dividend qazandı?
"GÜNDƏMİN TRENDİ" verilişində layihə müəllifi Emil Hüseynli Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri HİKMƏT HACIYEVLƏ bu və ya digər məsələlərə aydınlıq gətirib.
H.Hacıyev müsahibədə qeyd edib: "Azərbaycan dəfələrlə bəyanat verirdi ki, Dağlıq Qarabağ münaqişəsi aktiv hərbi fazadadır. Atəşkəs davamlı sülhün qarantı ola bilməzdi. Bu mövqe bir daha özünü təsbit etdi. Son cəbhə hadisələrindən sonra beynəlxalq ictimaiyyətin birmənalı mövqeyi o oldu ki, ilk növbədə atəş dayandırılsın, danışıqlar prosesi bərpa edilsin və münaqişənin hərtərəfli həllinə aparan proses başlanılsın. Beynəlxalq ictimaiyyət bununla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını nümayiş etdirdi. Ermənistanın yürütdüyü yarıtmaz siyasəti o oldu ki, beynəlxalq aləmdən təcrid olunduğu göründü. Cəbhədə hərbi status-kvo dəyişdi. Sarkisyan rejimi illüziyada idi ki, bu ərazilər işğal edilib və proses bitmiş hesab olunur. Ermənistanda ikinci, üçüncü qüvvələrin etirazı artıb. Ermənistanda ciddi təlatümlər baş verə bilər. Beynəlxalq ab-hava Azərbaycanın maraqları ilə üst-üstə düşən formadadır".
XİN rəsmisi bildirib ki, Ermənistanın silahlı qüvvələrinin aprelin 2-də həyata keçirdiyi təxribatın məqsədlərindən biri bəlkə də Xocalı kimi soyqırım cinayətini təkrarlamaq idi: "Mülki Azərbaycan əhalisinin yaşayış yerinə artilleriya atəşi açaraq kütləvi mülki qırğına nail olmaq istəyirdilər. Bu planları bir gecənin içində alt-üst oldu".
H.Hacıyevin sözlərinə görə, münaqişənin mərhələli həll edilməsi bütün beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən Minsk qrupunun həmsədrləri tərəfindən qəbul edilən prosesdir: "Bu münaqişənin vahid paket formasında həllini iddia etmək cəfəngiyyatdır, mümkünsüzdür. Mərhələli yanaşma dedikdə, ilk növbədə Dağlıq Qarabağ bölgəsinin ətrafında olan 7 rayon azad edilməlidir. Bu 7 rayonun azad edilməsinə də mərhələli yanaşma ola bilər. Azərbaycan mərhələli bir proses əsasında danışıqların aparılmasına hazır olduğunu bəyan edib. Bu müzakirələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə predmeti deyil. İlkin mərhələdə 5 rayon azad edilir, qaçqın və məcburi köçkünlər həmin ərazilərə qaytarılır, ərazilər minalardan təmizlənir, infrastruktur bərpa edilir. Növbəti mərhələdə Kəlbəcər və Laçın rayonları qaytarılır. Ermənistan burada dəhliz məsələsini də şişirdir. Bu da siyasi manipulyasiyanın elementidir. Əgər rayonlar azad ediləcəksə, Azərbaycanla Ermənistanın sərhədləri açılacaqsa, dəhlizə nə ehtiyac var? Son mərhələdə isə Dağlıq Qarabağ bölgəsinin ilkin statusu müzakirə edilir. Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icması həmin əraziyə qayıdır. Azərbaycanın hüdudları çərçivəsində status müəyyənləşdirilir".
XİN rəsmisi vurğulayıb ki, bunu sadəcə həyata keçirə biləcək qəti siyasi iradə lazımdır. Bu iradəni də ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və Ermənistan nümayiş etdirməlidir.
H.Hacıyevin sözlərinə görə, sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi yenə Ermənistan tərəfinin məqsədli şəkildə şişirtdiyi spekulyativ xarakterli işdir. Birinci növbədə münaqişə həll edildikdən sonra etimad quruculuğu tədbirləri fonunda sülhməramlı müşahidəçilərdən danışmaq olar. Bu, ən son mərhələ ola bilər. Buna qədər həll olunası fundamental və ciddi məsələlər var.
"GÜNDƏMİN TRENDİ" verilişini Youtube, Twitter və ya Facebook-dan izləyə bilərsiniz.