Bakı. Trend:
İyulun 31-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam və Tərtər rayonlarında və Şirvan şəhərində bir neçə partlayış yerinə baxış keçirib.
ANAMA-dan Trend-ə verilən məlumata görə, Ağdam rayonu Əfətli kəndində 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilmiş, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülmüş, nəticə etibarilə 7 000 kv.m ərazi yoxlanılıb.
Tərtər rayonu Həsənqaya kəndində 4 partlayış yerinə baxış keçirilmiş, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülmüş, nəticə etibarilə 5 000 kv.m ərazi yoxlanılıb.
01 avqust tarixində 1 əkin sahəsi, kənd yolu, 8 partlayış yerinə baxış keçirilmiş, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülmüş, nəticə etibarilə 12 000 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 01 avqust 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Şirvan və Bakı şəhərlərində 641 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 468 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.