...

Ombudsman: Ermənilər saxtalaşdırdıqları məlumatlarla dünya gündəmini məşğul etməyə vərdiş ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Noyabr 2016 14:08 (UTC +04:00)
Ermənilər saxtalaşdırılmış məlumatlarla dünya gündəmini məşğul etməyi özlərinə vərdiş ediblər.
Ombudsman: Ermənilər saxtalaşdırdıqları məlumatlarla dünya gündəmini məşğul etməyə vərdiş ediblər

Bakı. Trend:

Ermənilər saxtalaşdırılmış məlumatlarla dünya gündəmini məşğul etməyi özlərinə vərdiş ediblər.

Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın qondarma “Dağlıq Qarabağ Respublikasının” “Ombudsmanı” Ruben Məlikyan tərəfindən erməni KİV-də 2016-cı ilin aprel döyüşləri zamanı guya Azərbaycan tərəfindən erməni mülki əhalisinə qarşı qırğınlar və erməni əsgərlərinin meyitləri üzərində işgəncələr törədilməsi haqqında hesabat verəcəyi barədə yayımlanan açıqlamasına cavab olaraq yaydığı bəyanatında deyilir.

Qeyd olunur ki, ermənilər tərəfindən bu səpkidə mütəmadi media vasitəsilə yalan məlumatların yayılması heç də təəccüblü deyil: "Onlar saxtalaşdırılmış məlumatları ilə dünya gündəmini məşğul etməyi özlərinə vərdiş edib, lakin dünya ictimaiyyəti bu cür məlumatların saxta olduğunu dərk etsə də, hələ də buna hüquqi qiymət verilməyib".

Bildirilir ki, bu ilin aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin qətlə yetirilməsi ilə əlaqədar Azərbaycan Ombudsmanı BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına Bəyanat göndərib.

Həmin bəyanatda vurğulanıb ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən və Ermənistan Respublikası ərazilərindən erməni silahlı qüvvələri tərəfindən 2 aprel 2016-cı il tarixdən başlayaraq qəflətən Azərbaycan Respublikasının əraziləri, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalinin yaşadığı çoxsaylı yaşayış məntəqələri, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olmuş və ağır yaralanıblar. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu hərbi cinayətlər nəticəsində beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulub.

3 aprel 2016-cı il tarixdə Azərbaycanın Silahlı Qüvvələri cavab tədbirlərini birtərəfli olaraq dayandırmasına baxmayaraq, Ermənistan ordusu daha da şiddətli hücum əməliyyatları keçirib və dinc əhalimizin yaşayış məntəqələrini intensiv atəşə tutublar. 5 aprel 2016-cı il tarixdə saat 12:00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatların dayandırılması elan olunsa da, növbəti günlərdə də təmas xətti boyu Azərbaycan mövqeləri və mülki əhalinin yaşadığı yaşayış məntəqələri artilleriya daxil olmaqla ağır silahlardan atəşə tutulub və bütün bu hallar ölkəmizə səfər edən xarici jurnalistlər tərəfindən də müşahidə edilib. Bu faktlar Azərbaycan Ombudsmanının, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin və xarici jurnalistlərin cəbhə bölgəsinə səfərləri zamanı da müşahidə olunub və daha sonra beynəlxalq təşkilatların diqqətinə çatdırılıb.

Erməni tərəfi öz işğalçılıq siyasətini və hərbi cinayətlərini ört-basdır etmək məqsədilə təhriflərə və saxtakarlığa əl atır, özlərinin törətdikləri qeyri-insani əməlləri Azərbaycan tərəfinin törətdiyi kimi qələmə verərək, dünya ictimaiyyətini çaşdırmağa çalışır. Halbuki, Azərbaycan ordusu erməni təxribatlarına cavab olaraq və öz torpaqlarını müdafiə etmək məqsədilə öz ərazisində hərbi əməliyyatlar keçirib. 1994-cü ildə Azərbaycan tərəfinin təşəbbüsü ilə atəşkəs haqqında ikitərəfli razılığın əldə olunmasına baxmayaraq Ermənistan tərəfindən bu razılığa əməl olunmur, atəşkəs rejimi müntəzəm olaraq pozulur, nəticədə Azərbaycan tərəfindən hərbi qulluqçular, həm də mülki şəxslər qətlə yetirilir, əsir və girov götürülür.

İşğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. Bunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi bir daha sübut edir.

Eyni zamanda, Avropa Şurasına üzv qəbul olunarkən Parlament Assambleyasının 221 saylı Rəyi əsasında Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə Ermənistan da öz üzərinə münaqişəni yalnız dinc yollarla nizamlamaq üçün səyləri davam etdirmək, beynəlxalq və yerli mübahisələri, qonşulara qarşı güc tətbiqi ilə hər hansı hədələməyə yol vermədən, dinc vasitələrlə və beynəlxalq hüququn prinsipləri əsasında həll etmək öhdəliyini götürüb. Lakin erməni tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirərək, bu öhdəliklərə əməl etmir, regionda sülhün bərqərar olmasına maneçilik törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur.

Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi də beynəlxalq birliyin ölkəmizin haqlı mövqeyini dəstəkləməsini və işğal faktını tanımasını təsdiqləyir. Həmin sənəddə bir daha Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyi qeyd olunub və işğalçı qüvvələrin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb edilib. Təəssüf ki, bununla bağlı heç bir tədbir görülməyib və Azərbaycanın zəbt olunmuş əzəli torpaqları hələ də işğal altında saxlanılır.

Aprel hadisələri ilə bağlı AŞPA-nın sədri, Avropa İttifaqına üzv dövlətlərdən olan bəzi deputatlar Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq işğal altında olan Azərbaycan torpaqlarından çıxmağa və işğalçılıq siyasətinə son qoymağa çağırıb, bu prosesin çox gecikdirildiyi ilə bağlı fikirlər irəli sürüblər. Beynəlxalq ictimaiyyət ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilən qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmamalıdır. Azərbaycan xalqı da sülh şəraitində yaşamaq və pozulmuş hüquqlarının bərpa olunmasını istəyir.

Ombudsman dünya birliyinə, mötəbər beynəlxalq qurumlara və həmkarlarına müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına, eyni zamanda davamlı olaraq dünya ictimaiyyətini çaşdıran bu kimi saxtakarlıqlara son qoyulması məqsədilə qətiyyətli səylər göstərməyə və Azərbaycanın haqq işinə dəstək verməyə, beynəlxalq qurumları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistan silahlı qüvvələrinin işğal olmuş Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın BMT və dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünün bərpa edilməsi, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, uzun illərdən bəri pozulmuş hüquqlarının bərpası və təmini, sülh şəraitində birgə yaşayışın bərpa edilməsi məqsədilə müvafiq dinləmələr keçirməyə və bu istiqamətdə konkret tədbirlər görməyə çağırıb. Habelə, bu ilin aprel ayında Azərbaycan Ombudsmanı üzvü olduğu Avropa Ombudsmanlar İnstitutunun (AOİ) saytında ölkəmizlə bağlı qərəzli və böhtan dolu məlumatların yerləşdirilməsi ilə əlaqədar həmin qurumun Baş Katibinə etiraz məktubu göndərərək Dağlıq Qarabağdakı mülki əhaliyə qarşı Azərbaycan tərəfindən hər hansı bir hücum olmadığını, əksinə erməni hərbi qüvvələrinin atəşkəsi mütəmadi olaraq pozduğunu, Azərbaycanlı mülki əhalinin qətlə yetirildiyini və bunların çoxsaylı faktlarla təsdiq olunduğunu diqqətə çatdırıb.

Eyni zamanda, qondarma “Dağlıq Qarabağ Respublikasının” “Ombudsmanının” “2-5 aprel 2016-cı il tarixdə Azərbaycan hərbi qüvvələri tərəfindən “Dağlıq Qarabağ Respublikasının” mülki əhalisinə və “Dağlıq Qarabağ ordusu”nun hərbi qulluqçularına qarşı törədilən vəhşiliklər” adlı saxta hesabatının AOİ-nin rəsmi saytında yerləşdirilməsinə etiraz olaraq Azərbaycan Ombudsmanı E.Süleymanova bu kimi saxtalaşdırılmış məlumatların yayılmasının dayandırılması məqsədilə həmin məruzənin bu saytdan götürülməsi üçün zəruri tədbirlərin həyata keçirilməsini tələb edib. Uzun müddətdir ki, heç bir dövlət, hətta Ermənistan tərəfindən tanınmayan “Dağlıq Qarabağ Respublikası”nın “Ombudsmanını” beynəlxalq təşkilatlara üzv etməyə çalışır. Azərbaycan Ombudsmanın AOİ-nun Baş Assambleyasında çıxışı zamanı “Dağlıq Qarabağ Respublikası” adlı bir dövlətin mövcud olmadığını və həmin torpaqların Azərbaycan əraziləri olduğunu sübut edərək, AOİ-nin institusional üzvləri sırasında göstərilmiş “Dağlıq Qarabağ Respublikasının ombudsmanı”nın həmin beynəlxalq təşkilatın üzvlüyündən çıxarılması tələb edilib və nəticədə o zaman “Dağlıq Qarabağ Respublikasının ombudsmanı” institusional üzv kimi həmin təşkilatın üzvülüyündən çıxarılıb.

Bu günlərdə Xorvatiyanın Zaqreb şəhərində Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsi Baş Assambleyasının ikinci iclası keçirilib. Azərbaycan Ombudsman Aparatının Beynəlxalq əlaqələr sektorunun müdirinin iştirak etdiyi həmin tədbir çərçivəsində keçirilən sessiyaların birində Ermənistan Ombudsmanı tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasında” fəaliyyət göstərən “insan hüquqları müdafiəçilərinin” də Milli İnsan Hüquqları Təsisatının Avropa Ombudsmanları Şəbəkəsinin işinə cəlb olunmasına dair etdiyi absurd çıxışa ciddi etiraz edərək Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və yeddi ətraf rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu, işğal nəticəsində sözü gedən ərazilərdə yaşayan azərbaycanlıların öz doğma yurdlarını tərk etmək məcburiyyətində qaldığı, bir milyon qaçqın və məcburi köçkün soydaşımızın hüquqlarının pozulduğu, Ermənistanın işğalçı siyasətinin nəticəsi olaraq Azərbaycan Ombudsmanının hələ də öz mandatından irəli gələn funksiyaları həmin ərazilərdə icra edə bilməməsini tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Xüsusi vurğulanmalıdır ki, Azərbaycan ordusu heç zaman dinc əhaliyə qarşı hücumlar etməyib və belə məlumatların yayılması tamamilə saxtakarlıqdır.

Azərbaycan Ombudsman təsisatı bildirir ki, bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı insanlar imkanlarını səfərbər etməklə, Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində səylər göstərəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti