Mətanət Əliyeva - Trend:
Vətənim daha bir qəhrəman övladını – torpaqlarımızın bütövlüyü, azadlığı uğrunda canını qurban vermiş şəhidini – ölümündən sonra dövlət başçısı İlham Əliyev tərəfindən "Azərbaycanın Milli Qəhrəmanı" adı verilən Çingiz Qurbanovu ağuşuna aldı. Və bu itki ilk olmadığı kimi, təəssüf ki, son da deyil…
Qarabağda erməni iddiaları ilə başlayan, sonradan Ermənistan silahlı qüvvələrinin təcavüzu ilə Azərbaycan torpaqlarının işğal olunması ilə nəticələnən müharibə bu gün də davam edir, bitməyib. Tərəflər arasında atəşkəsin imzalandığı 1994-cü illə bu gün arasında 23 il zaman keçib. Bu vaxt axarında passiv müharibə şəraiti hökm sürsə də, faktiki olaraq atəşkəs rejiminin mütəmadi pozulması fonunda itkilər veririk. Elə son torpağa tapşırılan şəhid əsgərimiz Çingiz Qurbanov bu müharibənin Azərbaycana vurduğu yaraların bariz nümunələrindəndir.
Uzun zamandır tərəflər arasında aparılan danışıqların uğursuzluğu münaqişənin tənzimlənməsinə cəlb olunmuş vasitəçilərin fəaliyyətinin fiaskosudur. Həll prosesinə sərf olunmuş zaman da, bu zaman kəsiyində yaşanmış uğursuz təcrübə də özlüyündə deyilənləri təsdiqləyir. Burada "Amerika kəşf etməyə" ehtiyac yoxdur. ATƏT diplomatiyası tarixinə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi “təcrübəsi” ən uğursuz bir fəaliyyət dövrü kimi düşəcək. Çünki vasitəçilər bu qənaətin əksini deyəcək mövqe buraxmadılar.
Təəssüf ki, qeyd etdiklərim bugünkü mənzərənin acı reallıqlarıdır. Sülh, barış, sabitlik, demokratiya, insan haqları, dinc şəraitdə danışıqlar masası arxasında müzakirələr diktə etdiyini daima gündəmə gətirdiklərini söyləyən çox hörmətli ATƏT diplomatları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində sadalanan prinsipləri prinsipsizliyə daşıyıblar. Ən bəsitindən başlayaq. Çünki onlar tərəf olaraq masa arxasına dəvət etdikləri arasında fərq qoymurlar. Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağda 90-cı illərin əvvəllərində yaşanan müharibədə əli azərbaycanlıların qanına bulaşmış bir cinayətkarla təcavüzə, işğala məruz qalmış bir dövlətin rəhbərini eyni masa arxasında əyləşdirmək diplomatiya deyil. Bəli, söhbət hazırda Ermənistan prezidenti olan cinayətkar Serj Sarkisyandan gedir. Diqqətli oxucunun nəzərinə çatdırmaq istəyirəm ki, yazının sonunda cinayətkar prezident S.Sarkisyanın Azərbaycan torpaqlarında törətdiyi qanlı qırğınlar barədə məlumat veriləcək.
Qayıdaq mətləbə. ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində uğursuzluğunun kökündə qurumun özünün mövqeyi dayanır. Təşkilat tənzimləmə prosesində guya nəticə istəyirmiş kimi görüntü yaradaraq həllə nail olmaq üçün tərəflərə güzəştə getməyi təklif edir. Və tərəflərdən masa üzərinə təkliflər qoyulmasını istəyir, gözləyir. Ötən ilin aprel ayında yaşanan 4 günlük müharibənin gedişi belə, ATƏT-i daha ciddi fərqlərlə danışıqlar masasına yaxınlaşdırmadı.
Qan tökmüş, başqa bir dövlətin torpağını işğal etmiş bir dövlət ya mövqeyindən geri çəkilməli, ya da ki məğlubiyyətə uğradılmalıdır. Faktiki olaraq, bu gün müharibə aparmaq gücündə olmayan Ermənistan reallıqları yaxşı anladığı üçün uğursuz beynəlxalq diplomatiyanın arxasında gizlənərək fürsət gözləyir. Amma onsuz da çox həssas olan atəşkəs rejimi tərəflər arasında hər an müharibə başlayacağını qaçılmaz edir. Necə ki, zaman-zaman cəbhə xəttində bu hallar baş verir. Mövcud situasiyanı bizim kimi ATƏT diplomatları da görür və anlayır təbii ki. Amma görünən odur ki, kağız üzərində vasitəçi, sülh carçıları kimi münaqişənin tənzimlənməsi üçün yola çıxmış ATƏT diplomatları qan tökmüş cinayətkar prezidentdən mədət umacaq qədər uğursuz siyasət yolundadırlar. Amma bu məsələdə qeyd etmədən keçə bilməyəcəyim incə bir məqam da var. ATƏT tənzimləyici olaraq öncə öz, sonra tərəfində gördüyü erməninin maraq meydançasında oynayan mahir oyunçudur. Bunca yalan üzərində qurulan oyun isə uğursuz sonluğa məhkumdur. Necə ki, uğursuzdur.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindəki həlli mümkün görünməyən status problemi diplomatlara görə mümkündür. O halda ki, tərəflər ortaya güzəştlə çıxa bilsinlər. Bu məsələdə rəsmi Bakının mövqeyi kifayət qədər aydın və konkret olduğundan, tərəzinin boş qalan gözünü doldurmaq missiyası diplomatlarla ermənilərə qalır. Yəni ya zəhmət çəkib bu işə qol qoymayaydılar, ya da qol qoyublarsa, onda işğalçı ilə layiq olduğu dillə danışmalıdırlar. Əksi halda, geriyə dönüşü olmayan müharibənin başlaması qaçılmazdır. Silahlar işə düşdükdə isə onları susdurmaq çətin və mürəkkəb olur. Bunu diplomatlar daxil, onlara başbilənlik edən supergüclər də yaxşı anlayırlar. Hamını aldatdıqlarını zənn edən diplomatlar status məsələsində güzəşt səbətilə xahiş üçün Bakıya deyil, cinayətkar prezidentin olduğu terror yuvasına üz tutsalar, daha məqsədəuyğun olar. Yol yaxınkən, daha çox fürsəti fövtə vermədən uğursuzluqdan uğura aparacaq cığırda addımlamaq üçün yola çıxmaq zamanıdır, cənab diplomatlar...
Çox hörmətli ATƏT diplomatlarının göz yumduqları tarixi məlumatları bir daha oxuyub xatırlamaları üçün yaddaş fürsəti:
Qısa arayış: “Daşnaksütyun”nun fəallarından olan S.Sarkisyan Xankəndində yaşayan ermənilərin silahla təmin edilməsini, azərbaycanlıları daşıyan Ağdam-Şuşa marşrutunda işləyən avtobusların daş-qalaq edilməsini, odlu silahla atəşə tutulması nəticəsində 25 nəfərin qətlə yetirilməsini, 1989-cu ildə Ağdamdan Şuşaya uçan “Mi-8” vertolyotunun vurulmasını, Malıbəyli kəndinə ilk hücumu, Əsgəran-Ağdam rayonlarının sərhədində iki azərbaycanlının qətlə yetirilməsini təşkil etmişdi. Həmin dövrdə S.Sarkisyan Ermənistandan odlu silahın və döyüş sursatlarının gətirilməsi və Dağlıq Qarabağda yaşayan ermənilərə paylanılması ilə məşğul olurdu. S.Sarkisyan cinayətkar fəaliyyətinə görə Ermənistanın müdafiə naziri vəzifəsinə təyin edilmişdi. Bu isə terrorizmin Ermənistanda dövlət səviyyəsində dəstəkləndiyinin nümunəsidir.
S.Sarkisyan 1989-cu ildən 1993-cü ilə kimi qondarma "Dağlıq Qarabağ respublikası"nın "özünümüdafiə qüvvələri" komitəsinə rəhbərlik edib. 1993-1995-ci illərdə Ermənistanın müdafiə naziri, 1995-1996-cı illərdə dövlət təhlükəsizliyi departamentinin başçısı, sonra milli təhlükəsizlik naziri olub. Sonra 3 il Ermənistanın daxili işlər və milli təhlükəsizlik naziri olmuş S.Sarkisyan 2000-2007-ci illərdə yenidən müdafiə naziri işləyib. 4 aprel 2007-ci ildən 19 fevral 2008-ci ilə qədər baş nazir, 19 fevral 2008-ci ildən isə Ermənistan prezidentidir.
Əli Azərbaycan xalqının qanına bulaşmış cinayətkar prezident...