...

Cocuq Mərcanlıda əlavə 100 evin tikintisinə başlanılır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2017 14:56 (UTC +04:00)
Cocuq Mərcanlıda əlavə 100 evin tikintisinə başlanılır.
Cocuq Mərcanlıda əlavə 100 evin tikintisinə başlanılır

Bakı. Trend:

Cocuq Mərcanlıda əlavə 100 evin tikintisinə başlanılır.

Bu barədə Trend-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsinə başlanılıb.

Bu münasibətlə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun və inşaat işlərini aparacaq tikinti şirkətlərinin nümayəndələri Cocuq Mərcanlıda olub, yeni qəsəbə salınacaq əraziyə baxış keçiriblər.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Sabir Əhmədov bildirib ki, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin ikinci mərhələsində 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsinin, klub-icma mərkəzi, inzibati bina, poçt binası və digər zəruri sosial-infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulub.

Məlumat verilib ki, 17 hektar ərazidə inşa ediləcək evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlı olacaq. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılacaq. Qəsəbədə 1,75 hektarda yaşılıq salınacaq, yollar, səkilər və arxlar çəkiləcək. Tikinti işlərinin 3 ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.

Qəsəbədəki evlərə Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlər köçürüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti