...

KONDOLİZA RAYS ERMƏNİSTAN VƏ AZƏRBAYCANI DAĞLIQ QARABAĞ PROBLEMİ İLƏ BAĞLI KOMPROMİSSƏ ÇAĞIRIR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Avqust 2005 11:47 (UTC +04:00)

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan prezidentlərinin qarşıdakı görüşlərinə böyük əhəmiyyət verir və bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllində kompromissə nail olunacağına ümid edir.

Bu, Dövlət katibi Kondoliza Raysın avqustun 25-də Ermənistan və Azərbaycan prezidentləri Robert Köçəryan və İlham Əliyevlə telefon danışıqlarının əsas mövzusu olub. Trend in məlumatına görə, bu barədə ABŞ-ın dövlət departamentinin beynəlxalq informasiya proqramları bürosunun avqustun 29-da açıqlanmış bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, ABŞ Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək Dağlıq Qarabağın statusunun tərəflər arasında danışıqlar nəticəsində müəyyən olunmasının tərəfdarıdır.

ABŞ əvvəlki kimi bu problemin ATƏT-in Minsk qrupu vasitəsilə sülh yolu ilə həllini dəstəkləyir.

Dövlət Departamentinin bəyanatında həmçinin o da bildirilir ki, hər iki dövlət başçısı münaqişənin həllində müsbət irəliləyişə ümid bəsləyir.

Prezident İlham Əliyevlə söhbətdə dövlət katibi Azərbaycanda bu ilin noyabrında gözlənilən parlament seçkilərinin azad və ədalətli keçirilməsinin vacibliyini vurğulayıb.

ABŞ Azərbaycanı noyabr seçkilərində beynəlxalq standartları gözləməyə və 2003-cü il seçkilərindən sonra ATƏT-in müşahidəçi qrupunun tövsiyyələrini yerinə yetirməyə çağırıb.

İyulun 2-də ABŞ konqressmeni, Helsinki komissiyasının həmsədri və Nyu-Cersi ştatının Konqresdəki üzvü Kristofer Smit (Respublikaçılar partiyası) Azərbaycan parlamentinin beynəlxalq müşahidəçilərin xüsusilə, seçki komissiyaları ilə bağlı tövsiyyə etdikləri bir çox əsas dəyişikliklərin əks olunmadığı qanun qəbul etdiyindən təəsüfləndiyini bildirib.

ABŞ Azərbaycanı prezidentin azad və ədalətli seçkilərin keçirilməsinə çağıran 11 may tarixli fərmanına əməl etməyə səsləyib.

Ermənistan prezidenti ilə telefon danışıqlarında K.Rays Ermənistanın hazırda parlamentdə müzakirə edilən konstitusiya islahatlarının keçirilməsində irəliləyişlərə nail olacağına ümid etdiyini bildirib.

R.Köçəryan iyul ayında islahatlar paketinin yeni variantını AŞ-nin Venesiya komissiyasına təqdim edib və ABŞ bu düzəlişlərin komissiya tərəfindən qəbul olunmasını təqdir edib.

Təklif olunan islahatlar hökumət orqanlarında səlahiyyətlərin bölünməsinin təkmilləşdirilməsi və mətbuatın daha azad və müstəqil olmasına yönəldilib.

Xəbər lenti

Xəbər lenti