...

Aydın Mirzəzadə: "AŞPA-nın yay sessiyasında cari məsələlərin müzakirəsi zamanı Ermənistanın işğalçılıq siyasəti ilə bağlı faktları səsləndirəcəyik"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2006 12:24 (UTC +04:00)

AŞPA-nın yay sessiyasında cari məsələlərin müzakirəsi zamanı Ermənistanın işğalçılıq siyasəti ilə bağlı faktları səsləndirəcəyik. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə bildirib.

Qeyd edək ki, AŞPA-nın yay sessiyası iyunun 26-30-da Strasburqda keçiriləcək. Azərbaycanın nümayəndə heyəti isə Strasburqa iyunun 24-də yola düşəcək.

Millət vəkili bildirib ki, AŞPA-nın gündəliyinə hər hansı bir məsələnin salınması prosesi mürəkkəbdir. Ümumi iclasda qaldırılan hər hansı bir məsələni gündəliyə salmaq mümkün deyil: "Hər hansı bir məsələni qurumun iclasında gündəliyə salmaq üçün o barədə büroya müracəit olunmalıdır. Büro məsələni nəzərdən keçirib məqsədəuyğun hesab edərsə komitəyə göndərir, komitə bu məsələ ilə bağlı məruzəçi təyin edir. Bu, hardasa 6 ay-1 il çəkir".

A.Mirzəzadə onu da vurğulayıb ki, gündəlikdə olan cari məsələlər barədə çıxışlar zamanı lazımi məsələni səsləndirmək olar: "Hər birimiz bir neçə məsələ ilə bağlı çıxışlara yazılmışıq. Bu məsələlərin müzakirəsi ilə yanaşı Ermənistanın işğalçılıq siyasəti, ermənilər tərəfindən işğal edilən ərazilərdə yanğınların törədilməsi, mədəni işğalla bağlı faktları ortaya qoyacağıq".

Xəbər lenti

Xəbər lenti