...

Azərbaycan Kommunist Partiyasının fəalları sədr müavininin kənarlaşdırılmasını tələb edirlər

Siyasət Materials 18 Sentyabr 2007 11:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Kommunist Partiyasının (AKP) fəalları partiyanın sədr müavini Rauf Qurbanovun üzərində partiya-yoldaşlıq məhkəməsinin qurulmasını və Seyidağa Muradovun AKP-yə yeni sədr seçilməsini tələb edirlər. Bu barədə bazar ertəsi AKP-nin yaydığı rəsmi bəyanatda məlumat verilir.

AKP-ni 1993-cü ildə yaradan və o vaxtdan indiyədək sədri olmuş Ramiz Əhmədov bu yaxınlarda vəfat edib. Onun vəfatından sonra partiya fəalları Mərkəzi Komitənin sədr müavinlərindən biri, keçmiş deputat Qurbanovun partiyadan uzaqlaşdırılmasını tələb edirlər. Onlar Qurbanovu partiya daxilində pozuculuq fəaliyyəti ilə məşğul olmaqda, bölücü qrup yaratmağa və partiya fəallarını münaqişəyə təhrik etməkdə günahlandırırlar. Bəyanatda deyilir ki, Qurbanovun məqsədi sədrin vəfatından sonra partiyada liderliyi qeyri-legitim şəkildə ələ keçirməkdir: "Qurbanovun yerə-göyə sığmayan eqoizmi, mənəm-mənəmliyi onu hələ Ramiz Əhmədovun sağlığında partiyanın legitim rəhbərliyinə qarşı açıq mübarizə aparmağa sövq etmişdi. Bu zaman, Qurbanov sədrin ağır xəstəliyinə nəinki əhəmiyyət verməmiş, hətta ondan özünün liderlik uğrunda mübarizəsində istifadə etməyə çalışmışdı" - deyə bəyanatda bildirilir.

Qurbanovun hərəkətinin qanunsuz olması həm də onunla əsaslandırılır ki, o, partiyanın rəsmi toplantılarına qatılmadan AKP-yə rəhbərliyin qeyd-şərtsiz ona təhvil verilməsini tələb edir.

Bəyanatda daha sonra bildirilir ki, AKP fəalları partiyanın legitim rəhbərliyini, onun liderləri olan MK sədrinin müavinləri - Seyidağa Muradov, Hacı Hacıyev və Rüstəm Şahsuvarovu dəstəkləyirlər. Onlar tələb edirlər ki, AKP-nin əbədi rəhbəri Əhmədovun yaxın silahdaşı, onun siyasi xəttinə sadiq olan Muradov yeni sədr seçilsin.

Bəyanat 30 nəfər AKP funksioneri tərəfindən qəbul edilib və sənədin sonunda onların siyahısı verilib.

Qurbanovun partiyadan xaric edilməsi məsələsinə sentyabrın 22-də Mərkəzi Komitənin plenumunda baxılacaq. Partiyanın yeni sədri isə oktyabrın 14-də keçiriləcək AKP-nin qurultayında seçiləcək.

Xəbər lenti

Xəbər lenti