...

Araz Əzimov: "Rusiya Qəbələ RLS-in birgə istifadə olunması ilə bağlı təkmilləşdirilmiş təkliflər variantını ABŞ-a təqdim edib"

Siyasət Materials 19 Sentyabr 2007 15:54 (UTC +04:00)
Araz Əzimov:  "Rusiya Qəbələ RLS-in birgə istifadə olunması ilə bağlı təkmilləşdirilmiş təkliflər variantını ABŞ-a təqdim edib"

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Rusiya Qəbələ RLS-in birgə istifadə olunması ilə bağlı təkmilləşdirilmiş təkliflər variantını ABŞ-a təqdim edib. Bu barədə çərşənbə günü brifinqdə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Nazir müavini bildirib ki, söhbət Qəbələ RLS-in müasirləşdirilməsindən gedir. "RLS-in bugünkü vəziyyəti Rusiyanın Amerikaya təqdim etdiyi yeni təkliflərin həyata keçirilməsi üçün lazım olan tələblərə cavab vermir",-deyə nazir müavini söyləyib. "Bir müddət öncə Rusiya ilə raket əleyhinə müdafiə məsələsi üzrə Vaşinqton və Parisdəki ikitərəfli müzakirələrimizə əsaslanaraq, biz inanırıq ki, ballistik raketlərin mövcud və artan təhlükəsinin qarşısını almaq məqsədilə, əlverişli əməkdaşlıq üçün imkan mövcuddur",-deyə çərşənbə axşamı ABŞ-ın Raket Müdafiəsi Nazirliyinin direktor müavini, briqada generalı Patrik Cey Oreyli amerikalı, rus və azərbaycanlı yüksək vəzifəli ekspertlərin Qəbələ RLS-ə səfərindən sonra keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu səfərin nəticəsi informasiya toplanılmasıdır. Bu informasiya oktyabr ayında Amerika-Rusiya ekspertlərinin növbəti görüşündə müzakirə olunacaq.

"Birləşmiş Ştatlar bu təklif üzrə istənilən irəliləyişlə bağlı, Azərbaycan hökuməti ilə sıx məsləhətləşmələr aparacaq",-deyə Oreyli söyləyib.

Əzimovun sözlərinə görə, stansiyanın modernləşdirilməsi Azərbaycan üçün Qəbələ RLS-in əhəmiyyətini artıracaq. Nazir müavini, həmçinin, stansiyanın müasirləşdirilməsinin, Azərbaycanın təhlükəsizliyi üçün mümkün təhlükələrə görə, Azərtbayacan tərəfinin narahatlığını qeyd edib.

"Azərbaycan üçün başlıcası odur ki, ölkənin təhlükəsizliyi üçün RLS-in təsiri minumum olsun, bu da, stansiya Rusiyaya icarəyə təqdim olunarkən, Azərbaycan və Rusiya arasınadakı razılaşmada ayrıca bənd kimi göstərilib",-deyə o söyləyib.

Rusiya Azərbaycanda ballistik raketlərin buraxılışını izləmə sisteminin bir hissəsi olan Qəbələ RLS-i kirayələyib. Stansiya analitik informasiya mərkəzi statusuna malikdir. Stansiyanın illik icarə haqqı 7 mln. dollara bərabərdir. Stansiyanın icarəyə verilməsi barədə 10 illik razılaşma hələ 2002-ci ildə imzalanıb.

Əzimov, həmçinin, bəzi ekspertlərin Qəbələ RLS-in ABŞ və Rusiya tərəfindən İrana qarşı istifadəsi ilə əlqədar mümkün təhlükədən narahatlığı ilə bağlı təəccübünü bildirib. Onun sözlərinə görə, Azərbaycan müstəqil dövlət kimi öz siyasətini yeridir və İranı dost dövlət hesab edir və qonşu dövlətin əleyhinə getmək niyyətində deyil.

Xəbər lenti

Xəbər lenti