Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası oktyabrın birindən beşinədək Strasburqda keçiriləcək. Bu barədə şənbə günü Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Sessiyanın ilk günü Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyevanın Beynəlxalq Miqrasiya Təşkilatının fəaliyyətinə həsr olunmuş məruzəsi dinləniləcək.
Bundan başqa, sessiyada Moldovanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyəti, müharibənin qarşısının alınmasının beynəlxalq əlaqələrdə rolu və s. mövzular müzakirə olunacaq.
Toplantıda Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsi nəzərdə tutulmayıb. Lakin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov AŞPA-ya qonaq qismində dəvət olunub və sessiyada çıxış edəcək.
Bundan başqa, Türkiyə prezidenti Abdulla Gül, bütün Rusiyanın və Moskvanın patriarxı II Aleksi, Serbiyanın baş naziri Voislav Koştinitsa, Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammemberq, Beynəlxalq Miqrasiya Təşkilatının rəhbəri Burunson Makkein AŞPA deputatları qarşısında çıxış edəcəklər. Sessiyada iştirak etmək üçün cümə günü Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin əsas tərkibindən olan üzvləri Səməd Seyidov, Gültəkin Hacıyeva, Qənirə Paşayeva, Sabir Hacıyev, Rafael Hüseynov və ehtiyat tərkibinin üzvü Əkrəm Abdullayev Strasburqa gediblər.
Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin 12 üzvü var.