...

"Azadlıq" blokunun həmsədri: "Prezident seçkilərində vahid namizədlə iştirak edəcəyik"

Siyasət Materials 8 Oktyabr 2007 13:18 (UTC +04:00)
"Azadlıq" blokunun həmsədri: "Prezident seçkilərində vahid namizədlə iştirak edəcəyik"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/Azərbaycanın müxalifət bloku 2008-ci ildə keçiriləcək prezident seçkilərində vahid namizədlə iştirak edəcək. Bu barədə bazar ertəsi Bakıda "Azadlıq" blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məlumat verib.

"Əgər "Azadlıq" bloku prezident seçkilərində iştirak etsə, vahid namizədi müəyyənləşdirmək problem olmayacaq. Blok bu məsələni asanlıqla həll edəcək" - deyə Əliyev əlavə edib.

"Azadlıq" blokunda iki partiya və bir siyasi hərəkat təmsil olunur. Bunlar Azərbaycan Xalq Cəbhəsi və Vətəndaş və İnkişaf partiyaları və Milli Birlik Hərəkatıdır. Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Milli Birlik Hərəkatının lideri Lalə Şövkət prezidentliyə iddialıdırlar. Siyasi müşahidəçilər hesab edir ki, vahid namizəd məsələsində Kərimli və Şövkət bir-birinə güzəştə getməyəcəklər. Bu isə sonda blokun dağılması ilə nəticələnəcək.

Əliyev qeyd edib ki, "Azadlıq" bloku hələlik prezident seçkilərində iştirak etmək haqqında qərar verməyib. Blokun seçkilərdə iştirak edib və ya etməməsi ehtimalı bərabərdir.

"Azadlıq" bloku Azərbaycanın seçki qanunvericiliyində dəyişiklik edilməyəcəyi və seçki komissiyaları iqtidar və müxalifət nümayəndələrinin iştirakı ilə paritet əsaslarla formalaşdırılmayacağı, ölkədə seçki öncəsi vəziyyətin dəyişməyəcəyi halda prezident seçkilərində iştirak etməyəcəyini bəyan edib. Bu məsələlər həyata keçiriləcəyi təqdirdə blok seçkilərə qatılacaq.

Əliyevin sözlərinə görə, 2008-ci ilin yazına qədər Azərbaycanın seçki qanunvericiliyində dəyişiklik edilməsi və seçki komissiyalarının iqtidar və müxalifət nümayəndələrinin iştirakı ilə paritet əsaslarla formalaşdırılması və ölkədə seçki öncəsi vəziyyətin dəyişməsi istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər: "Bundan sonra prezident seçkilərində iştirak edib-etməmək haqqında qərar qəbul edəcəyik".

Xəbər lenti

Xəbər lenti