...

Azərbaycanın hüquq-mühafizə orqanları kütləvi axtarış-əməliyyat tədbirlərinə başlayıb

Siyasət Materials 1 Noyabr 2007 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın hüquq-mühafizə orqanları ictimai təhlükəsizliyin təmin edilməsi üçün ölkə üzrə kütləvi axtarış-əməliyyat tədbirlərinə başlayıb, cümə axşamı Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bildirib. Onun sözlərinə görə, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsində məqsəd son vaxtlar ölkədə ağır cinayətlər törədən cinayətkar dəstəni zərərsizləşdirməkdir.

Oktyabrın 30-dan 31-nə keçən gecə Bakının Nizami rayonu ərazisində, H.Əliyev prospektindəki "Lukoyl" yanacaqdoldurma məntəqəsinə maskalılar basqın edib. Nizami rayon prokurorluğundan çərşənbə günü Trend ə bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin quldurluq (181) və qanunsuz odlu silah gəzdirmə, saxlama (228) maddələri ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb. Hadisə yerində olan Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Şahmar Paşayev jurnalistlərə açıqlamasında bildirib ki, hadisə təxminən saat 23 radələrində baş verib. Basqın zamanı orada müştəri qismində taksi kimi istifadə edilən "Jiquli" markalı avtomobil olub. 3 nəfər əli avtomatlı şəxs həmin vaxt operatorlara yaxınlaşaraq, pul tələb edib.

Paşayevin dediyinə görə, basqınçılar yanacaqdoldurma məntəqəsindən 2 min 800 manat məbləğində pul götürüblər.

Hadisə zamanı yanacaqdoldurma məntəqəsində operator işləyən Samir Quliyev ağır bədən xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Bu cinayət hadisəsi son bir ayda respublikada dördüncü, Bakıda isə ikinci hadisədir.

Bir müddət öncə Gəncədə "Azərpoçt"un Gəncə filialına, "Masallı" mebel fabrikinin Gəncədəki filialına naməlum şəxslər basqın edib. Gəncədəki silahlı basqınlar zamanı 2 nəfər qətlə yetirilib. Həmin basqınları törədən şəxsləri müəyyən etmək mümkün olmayıb.

Oktyabrın 19-da isə beş maskalı şəxs "ABU-Petrol" şirkətinin Abşeron rayonunun Müşfiq qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə silahlı basqın edərək, məntəqənin işçilərinə xəsarət yetirib, onların mobil telefonlarını, həmçinin məntəqəyə məxsus 1300 manat pulu aparıb.

Həmin basqınları törədən şəxsləri müəyyən etmək mümkün olmayıb.

Zahidov deyib ki, kütləvi əməliyyat-axtarış tədbirləri cinayətkar dəstə zərərsizləşdirilənə qədər davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti