...

Azərbaycanın XİN yaxın zamanlarda İsraildə səfirliyin açılacağına ümid edir

Siyasət Materials 1 Noyabr 2007 20:16 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) yaxın zamanlarda İsraildə səfirliyin açılacağına ümid edir. "İndi müəyyən məsələlər var ki, Azərbaycanın İsraildə səfirlik açmasına imkan vermir. Amma ümid edirik ki, yaxın zamanlarda buna nail olacağıq", -deyə Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov cümə axşamı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının iclasında 2008-ci ilin dövlət büdcəsi müzakirə olunarkən bildirib.

Komissiyanın iclasında müxalifətyönlü Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə 2008-ci ildə Azərbaycanın İsraildə səfirliyin açılması təklifini irəli sürüb.

Azərbaycanın İsraildə diplomatik nümayəndəliyinin açılması məsələsi bir necə ildir ki, müzakirə olunur. Son illər Azərbaycanın onlarla ölkədə diplomatik nümayəndəliyi açılıb. Lakin İsrail bu siyahıya daxil edilməyib. İsrail tərəfi bir neçə dəfə bəyan edib ki, Azərbaycan səfirliyinin açılmasına maddi-texniki dəstək verməyə, diplomatik nümayəndəliyi bina ilə təmin etməyə hazırdır.

Siyasi müşahidəçilər hesab edirlər ki, Azərbaycanın İsraildə səfirlik açmaqdan çəkinməsi İran amili ilə bağlıdır.

Xarici işlər nazirinin müavini bildirib ki, İsralidə səfirliyin açılması məsələsi bir neçə ildir ki, müzakirə olunur: "Məsələ indi də diqqət mərkəzindədir və Azərbaycanın İsraildə diplomatik nümayəndəliyinin olmasının əhəmiyyəti getdikcə artır və bunu həyata keçirmək vacibdir".

Hazırda Azərbaycanın 55 ölkədə diplomatik nümayəndəliyi fəaliyyət gösətərir. Bunlar 46 səfirlik, 4 beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlik, 5 baş konsulluqdur. Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində 558 nəfər diplomat çalışır.

Xəbər lenti

Xəbər lenti