Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Avropa İttifaqı Kosovo modelini digər münaqişələr üçün nümunə hesab etmir.
"Kosovonun gələcək statusunun müəyyənləşdirilməsi fərdi xarakter daşıyır və digər münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nümunə ola bilməz" - deyə Avropa İttifaqının xarici əlaqələr üzrə komissarı Benita Ferrera Valdner elektron poçtu ilə Trend ə müsahibəsində bildirib.
Aİ-nin Kosovonun statusu ilə bağlı danışıqlarda nümayəndəsi Volfanq İşinqer bu yaxınlarda bəyan edib ki, Qərb ölkənin minimum iki inzibati-ərazi vahidinə bölünməsini istisna etmir.
"Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi məlumdur - biz ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini dəstəkləyirik və Ermənistan və Azərbaycanı sülh danışıqlarının potensialından tam şəkildə istifadə etməyə həvəsləndiririk" - deyə Valdner qeyd edib.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki, nəticəsiz sülh danışıqları aparılır.
Valdnerin sözlərinə görə, Avropa Komissiyası tərəfləri inamın yaradılması tədbirlərini dəstəkləməyə çağırır və tərəflər arasında razılıq əldə edildiyi təqdirdə Dağlıq Qarabağın dağılmış infrastrukturunun bərpasına kömək etməyə hazırdır.
"Hazırda tərəflərin münaqişənin danışıqlar yolu ilə həll etmək üçün öz üzərinə öhdəliklər götürməsi vacibdir" - deyə Aİ-nin komissarı bildirib.