...

BAXCP bir sıra partiyalarla ilkin seçkidə iştirakdan imtina edir

Siyasət Materials 20 Fevral 2008 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir S.İlhamqızı/ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası bir neçə müxalifət partiyası ilə ilkin seçkiyə getməkdən imtina edir.

"Məsələn, mən Rəsul Quliyevin, Etibar Məmmədovun namizədliyini dəstəkləməyi təsəvvürümə belə gətirmirəm, ona görə də onların partiyası ilə heç vaxt ilkin seçkidə iştirak etmərik"-deyə BAXCP sədri, milləti vəkili Qüdrət Həsənquliyev Trend ə açıqlamasında bildirib.

Bu ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. 20-dək müxalifət partiyası ötən ilin dekabrında əməkdaşlıq haqqında saziş imzalayıb. Sazişi imzalayan partiyalardan doqquzu - Klassik Xalq Cəbhəsi Partiyası, Azadlıq, Milli-Demokrat, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbaycan, Açıq Cəmiyyət, Təkamül və Yaşıllar partiyası "Demokratik Seçki Mərkəzinin" yaradılması barədə qərar qəbul edib.

DSM-də təmsil olunan və prezidentliyə iddialı olan namizədlər arasında ilkin seçki keçirilməsi və ən şanslı namizədin müəyyənləşdirilməsi təklifi irəli sürülüb.

Həsənquliyev bildirib ki, BAXCP müxalifət düşərgəsində ilkin seçki keçirilməsinin tərəfdarı olsa da, DSM-dəki bəzi partiyalara kəskin şəkildə tənqidi yanaşır və onlarla ilkin seçkidə iştirak edə bilməz: "Çünki ilkin seçkiyə qoşulan bütün tərəflər qalib gələn namizədi dəstəkləməlidir. BAXCP məsələn, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevi, AMİP lideri Etibar Məmmədovu nəinki dəstəkləmir, onları Azərbaycanın prezidenti kimi görmür, hətta bu şəxslərin prezident seçilməməsi üçün əks-təbliğat kampaniyası aparar"-deyə Həsənquliyev bildirib.

O əlavə edib ki, BAXCP DSM-də təmsil olunan KXCP sədri Mirmahmud Mirəlioğu, Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Qəzənfəroğlu ilə ilkin seçkidə iştiraka hazırdır.

ACP lideri, Azərbaycanın eks-spikeri Quliyev 1995-ci ildən mühacirətdə yaşayır. AMİP lideri Məmmədov 2003-cü il prezident seçkisində namizəd olub və hazırda Beynəlxalq Demokrat İttifaqının sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti