Azərbaycan, Bakı, 3 mart/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamenti sabah keçiriləcək iclasında Kosovonun birtərəfli şəkildə Serbiyadan ayrılaraq müstəqilliyini elan etməsindən sonra yaranmış siyasi vəziyyətlə əlaqədar olaraq vilayətdə xidmət edən azərbaycanlı sülhməramlıları geri çağırılması məsələsini müzakirə edəcək. Bu barədə bazar ertəsi Trend a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Prezident İlham Əliyevin Kosovoda xidmət edən Azərbaycan sülhməramlılarının geri çağırılması ilə bağlı Milli Məclisə göndərdiyi müraciət Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasında müzakirə olunub və komissiya təşəbbüsü dəstəkləyib.
Prezidentin Parlamentə göndərdiyi sənəddə qeyd olunub ki, Serbiya ərazisində yeni siyasi vəziyyət yaranıb və Azərbaycan sülhməramlılarının Kosovoda xidmətlərinin davam etdirməsi məsələsinə yenidən baxılmalıdır.
Azərbaycan Milli Ordusunun tərkibində 1997-ci ildə sülhməramlı bölük, sonra isə sühməramlı tabor yaradılıb. Azərbaycan Silahlı Qüvvələrinin İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150, Kosovoda 34 hərbçisi var. Azərbaycanlı hərbçilər Kosovonun 18 kəndində nəzarəti həyata keçirir. Azərbaycanın Kosovodakı sülhməramlı bölüyü Türkiyənin sülhməramlı qüvvələrinin tərkibində fəaliyyət göstərir.
Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə 45 sülhməramlısı xidmət edir, həmin əsgərlər Kabil şəhərində post patrul xidməti həyata keçirirlər.
1999-cu ildən formal olaraq Serbiya ərazisinin bir hissəsi olan Kosovo BMT-nin tabeliyindədir. Fevralın 17-də Kosovo Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. Rəsmi Belqrad vilayətin müstəqilliyi ilə barışmaq niyyətində deyil. Artıq bir sıra ölkələr, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə Kosovonun müstəqilliyini tanıyıb. Rusiya, İspaniya, Çin, Yunanıstan, Gürcüstan Belqradın mövqeyini dəstəkləyir və Kosovonun müstəqilliyini tanımaq niyyətində deyillər. Azərbaycan Kosovonun müstəqilliyini tanımaqdan imtina edib.
Qanunvericiliyə əsasən, Azərbaycan sülhməramlılarının xaricə göndərilməsi, sayının müəyyənləşdirilməsi və geri çağırılması haqda qərarı Parlament təsdiqləməlidir.
Parlamentin iclasında insan hüquqları üzrə ombudsman Elmira Süleymanovanın hesabatı da dinləniləcək.