...

Müsəlman avropalıların olması AŞPA üçün maraq kəsb edir - Gabriella Battaini-Dragoni

Siyasət Materials 14 Aprel 2008 13:17 (UTC +04:00)
Müsəlman avropalıların olması AŞPA üçün maraq kəsb edir - Gabriella Battaini-Dragoni

Fransa, Strasburq, 14 aprel / Trend , müxbir A. Məhərrəmli/ Avropa Şurasının Təhsil, mədəniyyət, irs, gənclər və idman üzrə Baş direktoru Gabriella Battaini-Dragoninin Trend a müsahibəsi

- Bu günlərdə AŞ-da mədəniyyətlərarası dialoqun dini müstəvisi üzrə "Təhsildə dini elementlərin tədrisi" mövzusunda iclas təşkil olundu. Bunun nə dərəcədə əhəmiyyəti var?

- Biz Katiblik olaraq, iştirakçıların tarazlaşdırılmış tərkibindən çox məmnun olduq. Bu tarazlıq çox önəmlidir. Məmnunluğumuz bir tərəfdən Avropada tarixən mövcud olan böyük dinlərin təmsilçilərinin - İslam, iudaizm, xristian dinlərinin müxtəlif komponentləri, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı, digər tərəfdən isə, onun "Təhsildə dini elementlərin tədrisi" adı altında keçirilməsi ilə bağlıdır. Bu, aktual bir məsələdir. Bu sahəyə dair həm AŞ çərçivəsində, həm də ona üzv dövlətlər səviyyəsində də çox müzakirələr və işlər aparılır. Belə ki, Avropa İnsan Haqları Məhkəməsi təhsildə dini elementlərin tədrisinə dair məsələlərə münasibət bildirib. Bu iki element- iştirakçıların tərkibi və mövzunun seçimi - bizim üçün ümidvericidir . Bu iclasın yekun nəticələri də böyük əhəmiyyət kəsb edir. Bundan sonrakı işin maraqlı cəhəti isə AŞ-nın siyasi orqanı olan Nazirlər Komitəsinin bu iclasın gəldiyi nəticələrə hansı dəstək və təminatları verməsi olacaqdır.

- Avropa Şurası dini ayrı-seçkiliyə qarşı, dini dəyərlərin təhqir olunmasının qarşısının alınması üçün hansı təsirli vasitələrə malikdir?

- Bununla bağlı iki tip fəaliyyət imkanı var. Bir tərəfdən Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Avropa İnsan Haqları Konvensiyasında (AİHK) təsbit olunmuş ifadə azadlığına dair (maddə 10) çıxardığı məhkəmə qərarları toplusu mövcuddur. Bu AİHM-nə 10-cu maddəni daha düzgün interpretasiya etməsinə imkan verib. Bundan əlavə, ifadə azadlığının önəmli olduğu daha aydın və təsirli şəkildə təsdiq olunub. Orada həmçinin ifadə olunub ki, bu azadlıqdan sui-istifadə edərək hər şeyi demək, kimisə böhtan və təhqir etmək, digər şəxslərə irqinə görə nifrət dolu çıxışlar etmək olmaz. Buradan görünür ki, ifadə azadlığı AİHK-nın nəzərdə tutduğu çərçivədə, yəni sözügedən maddənin 2-ci bəndində göstərilən şərtlər daxilində yerinə yetirilməlidir. Həmin şərtlərdə göstərilir ki, bu azadlıq uyğun şəkildə məhdudiyyətləri aşmadan istifadə olunmalıdır, çünki məsuliyyətsiz çıxışlar etmək və ya söz demək ictimai asayişlə bağlı problemlərin yaranmasına gətirib çıxara bilər. Bu azadlıqdan digərini təhqir etmək, onun şərəf və ləyaqətinə hörmət etməmək riskinə görə istifadə olunmamalıdır. Uzun müddətə bu cür vəziyyətin yaranmasının qarşısını almaq üçün gənc nəsilləri hazırlamağa imkan verəcək vasitə insan hüquqlarını da əhatə edən demokratik vətəndaşlığa dair təhsildir. Bizim təhsillə bağlı etdiyimiz işlər AİHM-nin tərəfindən görülən işlərin bir qoludur. Gördüyünüz kimi, AŞ ifadə azadlığını hansı şəkildə tədris olunması məsələsi ətrafında səfərbər olunub. Digər tərəfdən, AİHK-da digər vacib olan dini, düşüncə və fikir azadlığından bəhs edən 9-cu maddə var.

- Avropa Şurasının Katibliyi çərçivəsində işğal olunmuş ərazilərdə və Dağlıq Qarabağ münaqişəsində məhvə məruz qalan mədəni tarixi və dini abidələrin vəziyyətini araşdırmaq üçün nə cür tədbirlər görülür?

- Şübhəsiz sizə məlumdur ki, Azərbaycan və Ermənistanın mədəniyyət nazirləri bu yaxınlarda Avropa Şurasının Baş katibinə məktubla müraciət edərək, mədəni, dini, memarlıq, arxeoloji abidələrin vəziyyətini araşdırmaq və onlara dair hesabatın hazırlanması üçünhər iki ölkənin ərazisində yerləşən məntəqələrə texniki səfərin təşkil olunmasında əməkdaşlıq və yardım etməyə hazır olduqlarını bildirmişlər. Hazırda biz AŞ Katibliyi səviyyəsində hər iki ölkə tərəfindən təqdim olunan məntəqələrin, abidələrin və mədəni irsə aid nümunələrin siyahısını ekspertlərimizlə yaxından nəzərdən keçiririk. Ən önəmli olanı hər iki ölkəyə səfər edə biləcək, bəzi şeyləri yerindəcə dəyərləndirəcək və bunun ardından Baş katibə hesabat təqdim edəcək beynəlxalq ekspetlərdən ibarət qrupun yaradılmasdır. Aydındır ki, Cənub-Şərqi Avropa və ya Kosovoda etdiyimiz kimi, fəaliyyətimizdə abidələrin vəziyyətinin öyrənilməsi üçün faktaraşdırıcı mərhələnin həyata keçirlməsi bizim üçün yalnız birinci mərhələdir.

Digər mərhələ bu abidələrin bərpasının həyata keçirilməsi mümkünlüyünün araşdırılması və edilə bilmə mərhələsidir. Əlbəttə ki, bu gün bərpa işlərindən danışmaq tezdir, çünki biz hələ müstəqil ekspertlər qrupu ilə birinci mərhələni həyata keçirməmişik. Bunun həyata keçirilməsi heç də gecikməyəcək. Düşünürəm ki, hər iki ölkənin ərazisində bu qəbildən olacaq faktaraşdırıcı missiyanın həyata keçirilməsinin zəruriliyini etiraf edən Azərbaycan və Ermənistan mədəniyyət nazirləri tərəfindən ifadə olunan siyasi iradə, istək tamamilə müsbətdir. Bundan çıxış edərək, bütün regionda işləri mədəni və memarlıq irsinin qorunması istiqamətində qurmaq lazımdır. Hər iki ölkə bununla bağlı öz maraqlarını ifadə edərək bizə siyahıları təqdim ediblər. Aydın şəkildə qeyd etdiyim kimi, hal-hazırda bizim müstəqil ekspertlər qrupu hər iki siyahını nəzərdən keçirməklə məşğuldur. Bizim üçün önəmli olan siyahıların tam və dolğun olmasına əminliyin olmasıdır. Əgər vəziyyətə dair qlobal və obyektiv baxışın olmasını istəyiriksə, bütün yerlərə baş çəkmək lazımdır.

Hazırda Avropa Şurasının hər iki ölkənin hakimiyyətinə texniki səfərin həyata keçirilməsi ilə bağlı təklifi və bizim ekspetlər qrupunun yerindəcə abidələrin vəziyyəti ilə tanış olmaq üçün hərəkət marşrutunu təklif edə bilməsi üçün siyahıların yoxlanılması ilə məşğuluq. Biz bu səfərin cari ildə həyata keçirilməsini arzu edirik. Indiki mərhələdə səfərin dəqiq tarixi bəlli deyil. Hazırda müxtəlif təkliflərin hesabatının hazırlanması istiqamətində və texniki missiyanın marşrutunun üzərində işləyirik. Bundan əlavə, biz tam təhlükəsizlik şəraitində baş çəkiləcək bütün məntəqələrə çıxışın olmasına əmin olmalıyıq.

- AŞPA-nın Cənubi Qafqazda mədəni irsin öyrənilməsi üzrə məruzəçisi O'Haranın səfərinin marşrutu ilə bağlı yaranan problem AŞ Katibliyi çərçivəsində həyata keçiriləcək texniki missiyanın səfərində təkrarlana bilərmi?

- Mən AŞPA məruzəçisi O'Haranın səfəri ilə bağlı fikir yürütmək istəmirəm. Bu haqda AŞPA-da onun səfərini hazırlayan həmkarlarımla əlaqə saxlamaq yaxşı olardı . Biz isə onlarla əməkdaşlıq edən, lakin ayrı olan Katiblik çərçivəsində işləyirik. Bununla bağlı dosyeyə malik olmadığıma görə cənab O'Haranın səfərinə hansı ölkədən başlaması ilə bağlı qarşılaşdığı çətinliklərə dair söz deyə bilmərəm. Müstəqil ekspertlər qrupunun səfərinin marşrutuna gəldikdə, onu deyə bilərəm ki, bu halda təkcə abidələrə yetişə bilmə məsələsi deyil, habelə suallar vermək məcburiyyətində qalacağıq. Bizim üçün önəmli olan dolğun və reallığı əks etdirən siyahıya baş çəkiləcək bütün vacib abidələrin, məntəqələrin daxil edilməsidir, yəni onların əvvəlcədən yoxlanılmasıdır. Bu birinci məsələdir.

İkincisi isə, təhlükəsizlik şəraitində bütün ərazilərə yetişə bilmə məsələləridir. Biz səfər etdiyimiz halda, məsələn, Gürcüstan ərazisində yerləşən bəzi abidələrin vəziyyəti ilə tanış olmağı da istisna etmirik. Hal-hazırda bu, müzakirə olunan məsələlərdən biridir. Başa düşmək lazımdır ki, bizim məsələyə yanaşmamız hökumətlər səviyyəsində elmi, texniki yanaşmadır. Amma AŞPA-nın yanaşması daha çox siyasi yanaşma ola bilər.

- AŞ Katibliyi tərəfindən mədəniyyət sahəsində Azərbaycan və ümumiyyətlə Cənubi Qafqazla bağlı həyata keçiriləcək digər layihələr varmı?

- Bizim beş ölkə - Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistan - arasında mədəni əməkdaşlığı nəzərdə tutan "Kiyev Təşəbbüsü" regional proqramımız var. Bu proqram regionda mədəniyyətlərarası dialoq istəyi çərçivəsində təşviq olunan və dəstəklənən bir təşəbbüsdür. Bu məqsədlə mədəni layihələr çərçivəsində sözügedən beş ölkənin birgə işləməsini nəzərdə tutan mədəni tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Buraya mədəniyyət sahəsində milli qanunvericiklərə dair fəaliyyətlər, bir sıra mədəni tədbirlər, o cümlədən sərhədlər tanımayan mədəni marşrutlarla bağlı tədbirlər (məsələn Aleksandr Dümanın keçdiyi yol), eləcə də müxtəlif ölkələrin kinematoqrafiya irsinə dair tədbirlərin həyata keçirilməsi daxildir. Sonuncu layihə Avropa Şurasının sözügedən ölkələrdə kinematoqrafiya ənənələrinin onun Eurimage Fondunun fəaliyyəti ilə uyğunlaşdırılması və yaxınlaşdırılması məqsədi daşıyır. Bundan əlavə, irs nümunələrinin identifikasiyası və onların bərpasının mümkünlüyünün araşdırılması istiqamətində, mədəni irs sahəsində də tədbilərin həyata keçirilməsi nəzərdə tutulur.

- Azərbaycanda dini tolerantlıqla bağlı vəziyyəti necə dəyərləndirirsiniz?

- Buna cavab verməkdə çətinlik çəkirəm çünki heç vaxt Azərbaycana səfər etməmişəm və bu məsələyə dair dəqiq bir araşdırmaya rast gəlməmişəm. Dini baxımdan müsəlman ölkəsi olan Azərbaycanın bu özəl xüsusiyyətini başa düşür və bunu yüksək qiymətləndiririk. Azərbaycan həm də İslam Konfransı Təşkilatının (İKT) üzvüdür. Bizdə də müsəlman avropalıların olması maraq kəsb edir. Bizim üçün əhəmiyyətli olan müsəlmanların azlıqda olduğu Avropada birgə yaşama nail olunmasıdır. Buna görə biz bu il mətbuat vasitəsilə antisemitizm, islamofobiya və irqi ayrı-seçkiliyə son qoymaq üçün geniş bir kampaniyaya başlayırıq. Bütün bunları biz ona görə edirik ki, Avropa cəmiyyətlərində müsəlmanların rahat şəraitdə yaşamasına və onlara hörmət olunmasına əmin olaq.

Xəbər lenti

Xəbər lenti