Azərbaycan, Bakı, 06 may / Trend , müxbir S.Ağayeva/ Rusiyanın Gürcüstana münasibətdə fəaliyyəti Tbilisidə böyük təşviş doğurur, "bu günə qədər gizli görülən işlər, indi açıqcasına edilir". Bu barədə çərşənbə axşamı jurnalistlərə Gürcüstanın Azərbaycandakı səfirinin müavini Nikoloz Qoqitidze bildirib.
Onun sözlərinə görə, Gürcüstanın NATO-ya inteqrasiyası Rusiyanı açıq -açığına qıcıqlandırır. Rusiya Alyansın Buxarest sammitindən sonra Gürcüstana qarşı mənfi reaksiya nümayiş etdirir. "Gürcüstanın NATO-ya daxil olması ölkənin təhlükəsizliyi üçün lazımdır və heç kəsə qarşı yönəlməyib", - deyə diplomat bildirib.
Qoqitidze onu da bildirib ki, Gürcüstan və Rusiya 200 il ərzində qonşu olub və heç kim Qafqazdan getməyə hazırlaşmır. Rusiya rəhbərliyi Gürcüstana münasibətdə mövqeyinə yenidən baxmalı, hamını öyrədən "böyük qardaş sindromundan imtina etməlidir ; ona 21-ci əsrdə yer olmamalıdır". Rusiya başa düşməlidir ki, Gürcüstan müstəqil dövlətdir və öz siyasətini aparmaq hüququna malikdir.
"Rusiya tərəfindən açıq təcavüz göstəriləcəyi və vəziyyət gərginləşdiriləcəyi təqdirdə, Gürcüstan dəstək üçün tərəfdaş ölkələrə müraciət etmək niyyətindədir", - deyə Qoqitidze bildirib.
Gürcüstanlı diplomat mövqe və dəstəyə görə rəsmi Bakıya təşəkkürünü bildirib.