...

Xarici qüvvələrin müdaxiləsi Livanda münaqişənin şiddətlənməsinə səbəb olacaq – ekspertlər

Siyasət Materials 13 May 2008 19:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may/ Trend , müxbir R.Hafizoğlu, A.Qasımova, E.Tarıverdiyeva, D.Xatınoğlu/ Livan ordusu neytrallığını saxlayaraq, hakimiyyət və müxalifət arasındakı hazırki qarşıdurmaya müdaxilə etmir. Münaqişənin nizamlanmasında xarici qüvvələrin iştirakı ehtimalı azdır və təhlükəlidir. "Livan ordusu ənənəvi olaraq daxili münaqişələrdə iştirakdan qaçır. İstənilən birbaşa xarici müdaxilə, çox ehtimal ki, münaqişənin gələcək kəskinləşməsinə gətirəcək", - amerikalı politoloq Qavdat Bahqat (Gawdat Bahgat) hesab edir.

Livanda hərbi qarşıdurma mayın 7-də başlayıb. "Hizbullah" yaraqlıları Beyrutun nəzərə çarpacaq hissəsini tuta biliblər. Mayın 12-də Livanın rəsmi hakimiyyəti və yaraqlılar arasında sülh bağlanmasına baxmayaraq, çərşənbə axşamı Livanın şimalında hökumət qüvvələri və radikal "Hizbullah" hərəkatı arasında hərbi əməliyyatlar bərpa olunub.

Livan ordusu Livan cəmiyyətinin daha geniş hissəsi kimi dini "miksdir" və buna görə də, münaqişələrdə iştirakdan qaçır, - Pensilvaniya Universitetinin (ABŞ) Yaxın Şərq Tədqiqatları Mərkəzinin direktoru Bahqat çərşənbə axşamı elektron poçtu ilə Trend -a bildirib. Son bir neçə gündə ordu hökumət və "Hizbullah" arasında vasitəçi kimi çıxış etməyə çalışıb və çətin ki, qarşı tərəfə münasibətdə qəti addımlar ata, - o hesab edir.

"Təəssüf ki, əcnəbi qüvvələr Livanın işlərinə qarışmağa davam edə bilərlər. Lakin ABŞ üçün digər cəbhə açmaq çətin olacaq (ABŞ artıq Əfqanıstan və İraqdakı hərbi əməliyyatlarda iştirak edir). Avropa dövlətləri isə, yəqin ki, Vaşinqtonla müəyyən razılıq olmadan müdaxilə etməyəcəklər" - ekspert yazır.

Bahqat hesab edir ki, Livan qruplaşmaları və hökumət siyasi hakimiyyətin ölkədə hansı şəkildə yayılacağı haqqında milli konsensusa gəlmək lazımdır.

Amerikalı politoloq Uolter Reyç (Walter Reich) hesab edir ki, yalnız "Hizbullah" deyil, istənilən siyasi hərəkat digərləri üzərində ağalığa, bu mümkün olmadıqda isə, onların maraqlarının pozulmayacağı balansa can atır.

""Milli" siyasi institutlar zəifdir və bu, partiya loyyalığını, partiyaların müstəqilliyini pozur. Belə sistemlərdə nə hüquqi qayda, nə də əsas münaqişələrin dinc yolla həllinə səylr var", - Corc Vaşinqton Universitetinin (ABŞ) professoru Reyç çərşənbə axşamı elektron poçtla Trend -a bildirib.

Politoloqun rəyinə görə, Livanda hər şey, ilk növbədə, sünnilərin, şiələrin, xristianların və druzların parçalanması ilə kəskinləşir. "Druz və xristian polisi Livanda hərbi əməliyyatlarda iştirak etməyəcəklər. Sünni yaraqlıları isə, artıq cüzi qüvvələrdən istifadə etməklə məhdudlaşıblar. Livan ordusu isə, "neytrallığını" qoruyaraq kənarda qalır", - Reyç bildirib.

Livan ordusunun 1975-76-cı illərdə vəziyyəti nizamlamaq cəhdləri onun parçalanmasına səbəb olub.

"Livan ordusunun komandanı Mişel Süleyman bu vəziyyətin təkrarlanmasını istəmir və buna görə koalisiya ilə "Hizbullah" arasında neytrallığı saxlayır" - iranlı eskpert Əlirza Nurizadə (Alireza Nourizadeh) hesab edir.

Onun sözlərinə görə, general Mişel Süleyman bütün Livan qüvvələrinin dəstəyinə malik yeganə namizəddir və ordunun hazırki mərhələdə müdaxilə etməməsinin səbəbi budur. "Bütün tərəflər ordunun vəziyyətə müdaxilə etməsi ilə razılaşdıqdan sonra, Süleyman çərşənbə axşamı ordunun münaqişəni nizamlamağa hazır olduğunu bəyan edib", - İran-Ərəb Araşdırmaları Mərkəzinin direktoru Nurizadə bu gün Londondan telefonla Trend -a bildirib.

Politoloqun rəyinə görə, bu toqquşma "Hizbullah" hərəkatının imicinə güclü zərbə olub və o, İrandan aldığı silahı daxili münaqişələrdə istifadə etməmək barədə vədinə əməl etməyib. Ekspertin rəyinə görə, Həsən Nəsrullah çox həssas vəziyyətə düşüb. "Ötən illərin təcrübəsi göstərir ki, xarici qüvvələrin Livana müdaxiləsi vəziyyəti sabitləşdirməyib, - Nurizadə bildirib. Livan şiələri kömək üçün İrana müraciət etsələr, sünnilər Səudiyyə Ərəbistanı və Misirdən dəstək tələb edəcəklər. Digər tərəfdən, xristianlar Fransa və ABŞ-dan dəstək tələb edəcəklər və bu, münaqişənin kəskinləşməsinə gətirəcək"

Livandakı vəziyyət çox təhlükəlidir. Belə ki, sabitlik, əsasən, dini fikir ayrılıqlarına görə təhlükə altındadır, - avstriyalı politoloq Maykl Günter (Michael M. Gunter) hesab edir. "Suriya heç bir zaman Livanın siyasi baxımdan ayrılmasını tanımayıb. İran isə, Livanda "Hizbullah"ı özünün İsrail və Qərbə münasibətdə ambisiyaları üçün əla meydan kimi görür", - Beynəlxalq İnstitutun professoru Günter çərşənbə axşamı elektron poçtu ilə Vyanadan Trend -a bildirib.

"Bundan əlavə, Birləşmiş Ştatlar xristianların hökumətdə hakim mövqeyində öz maraqlarını görürlər. Məhz bu, qeyri-sabitliyə və vətəndaş müharibəsinin bərpasına gətirib", - ekspert hesab edir.

Günterin rəyinə görə, Livan ordusu bu şəraitdə qəti şəkildə hadisələrə müdaxilə etmək üçün çox zəifdir. İlk cəhddə o parçalanacaq və məhv ediləcək. Digər tərəfdən politoloq hesab edir ki, Livan hərbçilərinə daha ehtiyatlı yanaşma vəziyyəti sakitləşdirməyə yardım edəcək.

"İran, Myanma, İraq, Sudan və s. Ölkələrlə bağlı çox sayda problemləri nəzərə alaraq, Livandakı sülhün dəstəklənməsi üzrə beynəlxalq qüvvələrin hazırki mərhələdə münaqişənin həllinə cəlb edilə bilmələri ehtimalı azdır. Mübahisənin müxtəlif tərəfləri dinc nizamlanmanın onların özlərinin maraqlarında olduğu fikrinə özləri gəlməlidirlər", - Günter yazır.

"Livandakı hadisələrin ssenaristləri Suriya, İran, İsrail və ABŞ -dır", - türkiyəli politoloq Akif Əmrə hesab edir. Livan hökuməti "Hizbullah" hərəkatının potensialını yoxlayaraq, bu təşkilatı təhrik edir və dünya ictimaiyyətinin nəzərində onun siyasi mövqelərini zəiflətməyə çalışır. Ordunun münaqişəyə müdaxilə etməməsi, vəziyyətin süni surətdə kəskinləşdiyini göstərir", - Yaxın Şərq üzrə mütəxəssis Əmrə, çərşənbə axşamı elektron poçtu ilə İstanbuldan Trend -a bildirib.

"Xarici qüvvələrin Livandakı münaqişəyə müdaxilə edəcəyini düşünmürəm. Belə ki, onların müdaxiləsi münaqişənin Livan sərhədlərindən kənara çıxması ilə nəticələnə və Yaxın Şərqdə daha bir gərginlik ocağı yarada bilər", - ekspert hesab edir.

Livanda hökumət və müxalifət qüvvələri arasındakı qarşıdurma ötən çərşənbə silahlı münaqişəyə çevrilib. Livan KİV-in məlumatına görə, "Hizbullah" təşkilatı və Livan hökuməti arasında toqquşmaların nəticəsində, bu günədək ümumilikdə 80 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti