Çexiya, Brno, 15 may/ Trend , müxbir S.Nəcəfov/ Çexiyanın Brno şəhərində Azərbaycan Demokratik Respublikasının yaranmasının 90 illiyi və eks-prezident Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü ilə bağlı tədbirlərə start verilib.
Nüfuzuna görə Çexiyanın qabaqcıl təhsil ocaqlarından sayılan Masarik Universitetində foto-video sərgi təşkil olunub. Univeristetin Politologiya İnstitutunun direktoru professor Bretislav Donçak tədbirdə çıxışı zamanı bildirib ki, ADR-in 90 illiyinin Çexiya Universitetində qeyd edilməsi XX əsrin əvvəllərində cərəyan etmiş siyasi prosesləri yaxından öyrənmək üçün imkan yaradır.
Tədbirdə iştirak edən Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə bildirib ki, may ayında Azərbaycanda iki mühüm hadisə təntənəli şəkildə qeyd edilir - Azərbaycanın eks-prezidenti Heydər Əliyevin doğum günü və ADR-in yaranmasının ildönümü. Səfir Heydər Əliyevi Çexiyanın tarixində silinməz iz buraxmış, dövləti dağılmaqdan xilas etmiş Tomaş Qarik Masariklə müqayisə edib. ADR-in yaranma səbəblərindən və cəmi iki il sürən fəaliyyətindən danışan Tağızadə bildirib ki, bu dövrdə ADR bir çox dövlətlərlə diplomatik alaqələr qurub, azərbaycanlı tələbələrin xaricdə təhsil almasına üstünlük verib.
"Müasir dövrdə də bu ənənənin davam etdirilməsi üçün əlverişli şərait var. Çexiya ilə Azərbaycan arasında tələbə mübadiləsinin genişləndirilməsi vacibdir" - deyə səfir bildirib.
Sərgidə ADR-in elan olunmasından süqutuna kimi olan dövrü, sovet işğalı mərhələsini əhatə edən stendlər, həmçinin "Azərbaycan bu gün və sabah" və eks-prezident Heydər Əliyevə həsr olunmuş stendlər nümayiş etdirilib.
Sərgidə 1918-ci ildə çap edilmiş və Qarabağ və İrəvan Quberniyasının da Azərbaycanın tərkibində olduğunu əks etdirən Azərbaycanın siyasi xəritəsi böyük maraq kəsb edib.
Masarik Universitetinin ən böyük zallarından birində keçirilən səgri mayın sonuna kimi davam edəcək. Universitetdə 30 min tələbə təhsil alır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]