...

Azərbaycan Venesiya Komissiyasının bəzi rəylərini nəzərə almayıb - Prezidentin İcra Aparatının şöbə müdiri

Siyasət Materials 11 İyun 2008 13:27 (UTC +04:00)
Azərbaycan Venesiya Komissiyasının bəzi rəylərini nəzərə almayıb - Prezidentin İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 11 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycan Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbə müdiri Əli Həsənovun Trend -a müsahibəsi

- Əli müəllim, Azərbaycanda prezident seçkisi öncəsi şəraitlə bağlı birmənalı rəy yoxdur. Azərbaycan müxalifəti şəraitdən narazıdır. Bu baxımdan hakimiyyət mövcud şəraiti nə cür qiymətləndirir?

- Azərbaycandakı seçki öncəsi mühit digər ölkələrdə seçkiyə bir neçə ay qalmış hansı vəziyyətdədirsə, burda də elədir. Sözün həqiqi mənasında burada narahatlıq üçün heç bir əsas yoxdur. Bilirsiniz ki, ötən həftə Milli Məclisdə Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri nəzərdə tutan qanun layihəsi qəbul olundu. İndi buna müvafiq olaraq seçki institutları fəaliyyətlərində bəzi düzəlişlər edirlər. Seçki kampaniyasının müddəti azaldılıb və bu, seçki institutlarının fəaliyyətində müəyyən korrektələr tələb edir. Buna müvafiq olaraq addımlar atılır. Artıq siyasi partiyalar tərəfindən seçkilərə kimlərin qatılacağı barədə bəyanatlar verilir. Kimlərin qatılmayacağı da məlumdur. Bəziləri isə tərəddüd edirlər və bunu biz də anlayırıq. Artıq partiyalar özlərinin seçki öncəsi qurultaylarını keçirməyə hazırlaşırlar və bəziləri öz qurultaylarını artıq keçirib, namizədlərinin adını açıqlayıb. KİV-də də seçki ilə bağlı müzakirələr başlayıb. Seçkiqabağı şərait nə cür olmalıdır ki?

- Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı müxalifətin ən çox etiraz etdiyi məsələ seçki kampaniyasının müddətinin 120 gündən 75 günə endirilməsidir. Buna ehtiyac var idimi?

- Azərbaycandakı seçki kampaniyası dünya praktikasına uyğunlaşdırılıb. Dünyanın əksər ölkələrində insanları zəruri məşğuliyyətlərindən, gündəlik həyat tərzindən ayırmamaq üçün seçki kampaniyası kompakt və yığcam keçirilir. Dünyanın əksər ölkələrində də bu gün seçki kampaniyası 2 aydan 3 aya qədər, bəzilərində isə bundan da az müddətdə həyata keçirilir. Onu da nəzərə almaq lazımdır ki, hər 5 ildə 3 dəfə seçki (bələdiyyə, prezident, parlament) olur, üstəlik boş qalan yerlərə də seçkilər keçirilir, onda seçki kampaniyasının 4 ay olması sadəcə olaraq bir faciə idi. İnsanlar işini-peşəsini atıb, demək olar ki, hər il 4 ay seçki ilə məşğul olurdular. Ona görə də seçki kampaniyası müddətinin azaldılmasını dünya praktikasına uyğunlaşdırmaq anlamında yaxşı təklif hesab edirik. Əslində, Prezidentin İcra Aparatının təkliflərində bu məsələ yox idi. Parlamentdə həmin təklif səsləndi və biz də təklifi dəyərləndiririk və düşünürük ki, sözün həqiqi mənasında seçkilərin operativ keçirilməsi üçün bu lazımdır. Burada seçkilərin əleyhinə işləyəcək heç nə yoxdur. Normal bir prosesdir və narahat olmağına dəyməz. Seçki kampaniyası müddətinin azaldılması seçkilərin demokratik, şəffaf, ədalətli keçirilməsinə tam şərait yaradır və belə də olacaq.

- Digər bir məqam namizədlər üçün depozitin ləğvidir. Müxalifət hesab edir ki, 10 günə 40 min imza toplamaq asan olmayacaq və bu baxımdan imza toplaya bilməyənlər üçün depozitin qoyulması şərti saxlanılmalı idi?

- Mənim bildiyimə görə, depozitin ləğvi müsbət proses kimi dəyərləndirilir. Yəni prezidentliyə namizədə depozit qoymaq yaraşmaz və yaxşı olar ki, prezidentliyə namizəd xalqla təmasa girsin və xalqın müəyyən bir qisminin imzasını toplayaraq prosesə qoşulsun. Siyasətçilərin dilindən bunun əleyhinə olmalarına dair fikrə rast gəlməmişəm.

- Avropa Şurası Venesiya Komissiyasının Məcəlləyə əlavə və dəyişikliklərə münasibəti necədir? Çünki belə fikirlər var ki, komissiyanın rəyləri nəzərə alınmayıb.

- Əlbəttə, müəyyən fərqlər mövcuddur. Venesiya Komissiyasının müəyyən rəyləri nəzərə alınıb, bəziləri isə nəzərə alınmayıb. Müəyyən məsələlər açıq qalıb. Məsələn, seçki komissiyalarının formalaşdırılması ilə bağlı Venesiya Komissiyası deyirdi ki, bu məsələ siyasi partiyaların razılığı ilə olsun. Biz hakimiyyət olaraq buna cəhd göstərdik. Bir neçə ay bundan öncə bununla bağlı xüsusi toplantı keçirildi. Siyasi partiyaların hamısı ora dəvət edilmişdi ki, vahid bir razılığa gəlinsin və Seçki Məcəlləsinə əlavə olunsun. Ancaq təəssüf ki, tədbirdə nə qədər partiya var idisə, o qədər də rəy oldu. Bu qədər rəyi nəzərə almaq çox çətin idi. Ona görə də bu məsələ ilə bağlı Venesiya Komissiyası ilə yekdil fikrə gəlmək mümkün olmadı. İndi də onlar hesab edir ki, bunu hansısa başqa bir şəkildə etmək olar. Amma nə şəkildə etmək olar? Biz düşünürük ki, paritetdən yaxşı yol yoxdur - parlament azlığı, parlament çoxluğu və bitərəflər. Bu paritet hazırda Azərbaycanın real siyasi palitrasını əks etdirən ən yaxşı paritetdir. Amma pariteti müxalifət başqa cür anlayır. Müxalifət deyir ki, paritet iqtidarla müxalifət arasında olsun. Halbuki, bu təklif heç bir tənqidə dözmür, meyarlara cavab vermir. Bu anlamda Seçki Məcəlləsi ilə bağlı müəyyən məsələlərdə tam razılıq yoxdur. Əsas məsələ o deyil ki, Venesiya Komissiyası ilə tam həmrəy olaq. İstər Venesiya Komissiyasının, istərsə də bizim məqsədimiz odur ki, seçkilər ədalətli, şəffaf keçirilsin və insanların etimadını doğrultsun.

- Ümumiyyətlə, Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər seçkinin demokratikliyinə xələl gətirə bilərmi? Müxalifət indidən belə rəy yaradır ki, onların imkanları məhdudlaşdırılıb.

- Müxalifət nəyi nəzərdə tutur? Müxalifət deyir ki, bizə 4 ay efir verəydilər və çıxıb çamaatın başını qataydıq. Bunu demokratik seçkilərin əlaməti kimi dəyərləndirirlərsə, onda mən onlarla razıyam ki, əlavə və dəyişikliklər camaatın başını qatmaq anlamında onlara mane olacaq. Əslində, əlavə və dəyişikliklər seçkini daha lakonik, daha yığcam və beynəlxalq standartlara cavab verən şəkildə keçirməyə xidmət edir. Qorxmağa, çəkinməyə heç bir əsas yoxdur.

- Seçki komissiyaları ilə bağlı söz-söhbətə nöqtə qoymaq üçün hakimiyyət bu məsələyə nə vaxtsa qayıtmağı nəzərdə tuturmu?

- Mütləq biz buna nə vaxtsa qayıtmalıyıq və dünya praktikasından istifadə edib, seçki komissiyalarını peşəkarlaşdırmalıyıq. İndiki komissiyalara da qeyri-peşəkar demək olmaz. Ancaq bütün dünya ölkələrində seçki institutları peşəkar olur, yəni siyasətdən kənar şəxslər olur və siyasi qüvvələrin, maraqlı tərəflərin iradəsini yox, ölkənin vahid, milli iradəsini əks etdirir və yeganə söykənəcək meyarı qanundur. Ona görə biz də nə vaxtsa komissiyaları peşəkarlaşdırmalı və heç bir siyasi qüvvənin təsirindən asılı olmayan seçki institutlarına çevirməliyik.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti