...

Azərbaycan parlamenti Ali və Apellyasiya məhkəmələrinə yeni hakimləri təsdiq edib

Siyasət Materials 13 İyun 2008 13:23 (UTC +04:00)
Azərbaycan parlamenti Ali və Apellyasiya məhkəmələrinə yeni hakimləri təsdiq edib

Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin cümə günü keçirilən iclasında prezidentin təqdimatı ilə Ali Məhkəmə və Bakı, Gəncə, Sumqayıt və Şirvan Apellyasiya məhkəmələrinə hakimlər təsdiq edilib.

Trend arayışı: Bir neçə gün öncə Məhkəmə-Hüquq Şurası prezidentə həmin məhkəmələrdə hakim işləmək üçün namizədlərin siyahısını təqdim edib.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri Rəşadət Ağayev, İlham Cəfərov, Ələsgər Əliyev, Akif İsgəndərov, Tatyana Qoldman, Əli Seyfəliyev Ali Məhkəməyə, Mirzəli Abbasov, Aygün Abdullayeva, Mədinə Bağırova, Həsən Əhmədov, Mehparə Əhmədova, Mehti Əsədov, Əflatun Qasımov, Faiq Qasımov, Məmməd Məmmədov, Vaqif Mursaqulov, Camal Ramazanov, Cəmilə Səfiyeva Bakı,Vəli Abdullayev, Şəfiqə Əliyeva, Rahib Nəbizadə Gəncə, Azər Hüseynov, Telman Quliyev, Lətifə Məmmədova, Hüseyn Nəbiyev, Afaq Nuriyeva, Gülnarə Tağızadə Sumqayıt, Kamran Əkbərov, İmran Hacıqayıbov və Zeynal Zeynalov Şirvan Apellyasiya məhkəmələrinə hakim vəzifəsinə təsdiq olunublar.

Azərbaycanda hazırda 327 hakim fəaliyyət göstərir.

Bu təyinata qədər Ali Məhkəmənin 27, Bakı Apellyasiya Məhkəməsinin 31, Gəncə, Sumqayıt, Şirvan və Şəki şəhər Apellyasiya məhkəmələrinin hər birində 7 hakim işləyirdi.

Qanunvericilikdə Ali Məhkəmənin hakimlərinin sayı 45, Bakı Apellyasiya Məhkəməsində 50, digər Apellyasiya məhkəmələrində isə 14 nəfər müəyyənləşdirilib.

Azərbaycan hakimlərinin sayına görə Avropa ölkələri sırasında sonuncu yerlərdən birini tutur. Hakimlərin sayının azlığı məhkəmələrdə iş yükünün çox olmasına səbəb olub.

Ötən il bütün hakim korpusunun fəaliyyətinin qiymətləndirilməsi nəticəsində 30-dan çox hakimin səlahiyyətlərinə xitam verilib, habelə son iki il ərzində 50-dək hakim barədə intizam icraatı başlanılıb, o cümlədən korrupsiya hüquqpozmalarına yol verdiklərinə görə 3 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 3 nəfər isə aşağı işə keçirilib..

Ötən il ölkə başçısının fərmanları ilə hakim ştatları 50 faiz artırılıb. Bu isə hakimlərin iş yükünün və onların fəaliyyətində süründürməçilik hallarının azalmasını, işlərə daha keyfiyyətli baxılmasını təmin edib.

İclasda yüksək instansiya məhkəmələrində vakant olan ştatların komplektləşdirilməsi mümkün hesab edilib, Ali və Apellyasiya məhkəmələrinə hakimlərin təyinatı barədə təkliflər verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti