Azərbaycan, Bakı, 19 iyun/ Trend , müxbir S.Babayeva/ Mayda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal qiymətləri əvvəlki ayla müqayisədə 3,7 faiz, 2007-ci ilin yanvar-mayı ilə müqayisədə isə 11,1 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, mayda bitkiçilik, bostançılıq məhsulları üzrə qiymət indeksi aprellə müqayisədə 104,4 faiz təşkil edib.
Tərəvəzin qiyməti 21,9 faiz, taxıl bitkiləri və fındığın qiyməti isə əksinə, müvafiq olaraq 0,4 faiz və 0,1 faiz azalıb.
Heyvandarlıq məhsulları üzrə qiymət indeksi ötən ayla müqayisədə 103,5 faiz təşkil edib. İribuynuzlu mal-qara və onun məhsullarının qiyməti 5,2 faiz, diri quş və yumurta 0,3 faiz, xırdabuynuzlu mal-qara (qoyun) məhsullarının qiyməti 12,9 faiz artıb.
Meşəçilik və balıqçılıq məhsullarının qiyməti dəyişməz qalıb.