...

Azərbaycanın dövlət qəzeti seçki təbliğatı ilə bağlı qalan borcun ödənilməsini tələb edir

Siyasət Materials 23 İyun 2008 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun/ Trend , müxbir E.Babayev/ Rəsmi dövlət qəzeti olan - "Azərbaycan" qəzeti seçki təbliğatı ilə bağlı nəşrə çatmalı olan 42 min manat məbləğin ödənilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasına (MSK) növbəti dəfə müraciət edib.

"Seçki Məcəlləsinə son əlavə və dəyişikliklərə qədər qanunvericilikdə göstərilmişdi ki, namizədlərin rəsmi KİV-də pulsuz reklamı dövlət büdcəsi hesabına ödənilir, amma indiyə qədər bizə çatası pulu ala bilməmişik. Ümumilikdə bu məbləğ 42 min manat təşkil edir və bu, ölkədə keçirilən ayrı-ayrı 3 seçki nəticəsində əmələ gəlib", bazar ertəsi Trend -a "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirib.

Trend -un arayışı: İyunun 2-də Milli Məclisin qərarı ilə Seçki Məcəlləsində bir sıra dəyişikliklər edilib.

Seçki Məcəlləsinin əvvəlki variantında qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna dövri nəşrlərin səhifələrində pulsuz yer ayrılmasına dövri nəşrlərin redaksiyalarının çəkdikləri xərclər dövri nəşrlərin redaksiyalarına dövlət büdcəsindən maliyyələşdirmə hesabına ödənilir (83.9-cu maddə).

Məcəlləyə edilən dəyişikliklərdən sonra dövlət KİV-lərində seçki təbliğatı qadağan olunub. Buna qədər isə rəsmi KİV-lər namizədlərin bərabər şəkildə reklamı üçün imkan yaradırdı. Bu reklamın məbləği isə dövlət büdcəsi hesabına ödənilirdi.

Azərbaycanda 2000-ci və 2005-ci illərdə parlament, 2003-ci ildə prezident seçkiləri keçirilib.

Sadıqov deyib ki, qəzetin borcunun ödənilməsi üçün MSK ilə çoxsaylı yazışmalar aparıblar. MSK isə öz növbəsində Maliyyə Nazirliyinə müraciət edib, amma bu yazışmalar hələ də bir nəticə verməyib. "Seçki təbliğatının ləğvindən sonra biz maddi cəhətdən heç nə itirməmişik və rəsmi KİV-lərdə seçki təbliğatının ləğvinə münasibətim çox müsbətdir. Rəsmi dövlət qəzetinin təbliğat kampaniyasına qoşulmağı bəzən müxalitfətə əsassız iddia ilə çıxış etməyə imkan yaradırdı. Yəni müxalifət iddia edirdi ki, guya biz ancaq iqtidarın dəstəklədiyi namizədlərə üstünlük veririk. İndiyə qədər seçki ilə bağlı reklamdan isə bir qəpik vəsait belə ala bilməmişik. Mərkəzi Seçki Komissiyası hələ də bizə çatacaq vəsaiti ödəməyib", - deyə o bildirib.

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bazar ertəsi Trend -a deyib ki, onlar bu məsələ ilə bağlı Maliyyə Nazirliyinə rəsmi məktub göndəriblər. "Nazirlik reklamın əvəzində rəsmi KİV-lərə çatası məbləği ödmələdir və burada MSK hər hansı məsuliyyət daşımır", - deyə o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti