...

"Bütün təkliflərimiz Azərbaycanla bağlı məruzəyə daxil edilib" - Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri

Siyasət Materials 24 İyun 2008 17:32 (UTC +04:00)
"Bütün təkliflərimiz Azərbaycanla bağlı məruzəyə daxil edilib" - Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri

Fransa, Strasburq, 24 iyun / Trend , müxbir A.Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsi həmməruzəçilərinin Azərbaycanla bağlı məruzəsinə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bütün təklifləri daxil edilib.

"Demək olar ki, məruzəyə salınmasını planlaşdırdığımız bütün təkliflər qəbul olundu" - deyə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çərşənbə axşamı Strasburqda jurnalistlərə bildirib.

İyunun 23-dən Strasburqda işə başlayan AŞPA-nın yay sessiyasında bu gün birinci mövzu "Azərbaycanda demokratik institutların fəaliyyəti" adlı hesabatın müzakirəsinə həsr olunub. ASPA - nın Monitorinq Komitəsi adından Azərbaycan üzrə həmməruzəçilər Andres Herkel və Yevgeniya Jivkova çıxış edərək, məruzədəki əsas məqamlar barədə məlumat veriblər. Onlar Azərbaycanda jurnaistlərin həbsindən, KİV-in azadlığına, insan haqlarına dair vəziyyətdən narahat olduqlarını bildiriblər. Çirkli pulların yuyulması və terrorizmlə mübarizə sahəsinə dair Qanunların Azərbaycan parlamentində müzakirə edilməsini, "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna dəyişikliklərin qəbul olunmasını müsbət qiymətləndiriblər.

Seyidov bildirib ki, Ermənistan nümayəndə heyətinin Azərbaycanla bağlı məruzəyə salmağa cəhd etdiyi dəyişikliklər qətiyyən reallığa uyğun gəlmirdi, ona görə məqsədlərinə nail olmadılar: "Onlar iki səviyyədə - ASPA-nın Monitorinq Komitəsi və Parlament Assambleyası səviyyələrində məqsədlərinə nail olmağa çalışırdılar. Lakin Monitorinq Komitəsi onların təkliflərinə qarşı idi, Parlament Assambleyasında da erməni nümayəndə heyətinin təkliflərinin əleyhinə səs verildi" - deyə Seyidov bildirib.

O hesab edir ki, məruzə nisbətən tarazlaşdırılmış vəziyyətdədir: "Çünki bəzi məqamlar var ki, onlar reallığa uyğundur və belə məqamla, təbii ki, nəzərə alınacaq. Lakin Azərbaycanın milli maraqlarına uyğun gəlməyən məsələlərə, biz ölkəmizin maraqları çərçivəsində yanaşacağıq" - deyə Azərbaycan nümayəndə heyətinin başçısı bilidrib.

İyunun 23 - dən işə başlayan Avropa Şurası Parlament Assambleyasının yay sessiyası iyunun 27-dək davam edəcək.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti