...

Azərbaycanın hakim partiyası müxalifətin AŞ PA-nın Qətnaməsi ilə bağlı tənqidlərini qəbul etmir

Siyasət Materials 2 İyul 2008 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycan müxalifəti cəmiyyət qarşısında verdikləri vədlərin özünü doğrultmadığını görərək, beynəlxalq qurumları tənqid etmək yolu seçib.

"Müxalifət partiyaları həmişə cəmiyyətdə, guya onların baxışlarının beynəlxalq təşkilatları tərəfindən dəstəkləndiyi rəyini yaratmağa çalışırlar" -çərşənbə günü Trend -a hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyib.

Trend -un arayışı: AŞ PA-nın yay sessiyası ötən həftə başa çatıb. Sessiyada Azərbaycanla bağlı "Azərbaycanda seçki öncəsi demokratik təsisatların vəziyyəti" adlı Qətnamə qəbul olunub. Həmməruzəçilərin hazırladıqları hesabatda Seçki Məcəlləsinin təkmilləşdirilməsi, sərbəst toplaşmaq azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılması, həbsdəki jurnalistlərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılması kimi məsələlər var. Azərbaycanın muxalif "Azadlıq" blokunun həmtəsisçisi, Milli Birlik Hərəkatının lideri Lalə Şovkət Hacıyeva bildirib ki, müxalifətin AŞPA-nın iyun sessiyası ilə bağlı müəyyən gözləmələri olub. Amma AŞPA - da Azərbaycanla bağlı aparılan müzakirələr onları qane etməyib. Hacıyevanın sözlərinə görə, Qətnamədə bildirilib ki, nə qədər Dağlıq Qarabağ problemi var, Azərbaycanda tam demokratiyanı qurmaq mümkün olmayacaq. "Bu demokratiya üçün böyük bir səhvdir. Onda gərək Moldova, Gürcüstan demokratik ölkə olmasın. Bu ölkələrdə də münaqişələr var. Biz AŞPA-nın gətirdiyi arqumenti bəzi görüşlərdə hakimiyyət təmsilçiləri tərəfindən eşitmişik"- Şövkət əlavə edib.

Mirzəzadə deyib ki, AŞ PA-nın yay sessiyası öncəsi də müxalifət dairələri Azərbaycana qarşı sanksiyaların olacağı, Azərbaycanın ciddi tənqidə məruz qalacağı, siyasi məhbuslar üzrə məruzəçinin təyin olunacağını bildirirdilər və bunların heç biri baş vermədiyi üçün, indi AŞ PA-nı tənqid edirlər.

Onun sözlərinə görə, Azərbaycan müxalifəti illüziyalarla yaşayır. Müxalifət hansısa mövcud problemin və ya virtual şəkildə yaratdıqları problemin həllini ancaq xarici ölkə səfirliklərində və xarici qurumlarda axtarırlar. "Ancaq sessiya göstərdi ki, AŞ PA məsələlərə real baxır və Azərbaycanda gedən proseslərə obyektiv yanaşmağa çalışır. Düzdür, Qətnamədə subyektiv məqamlar də var, amma AŞ PA Azərbaycanla bağlı məsələlərə, əsasən, düzgün yanaşır" - deyən Mirzəzadə Qətnamədə yer alan "nə qədər Dağlıq Qarabağ problemi var, Azərbaycanda tam demokratiyanı qurmaq mümkün olmayacaq" fikrinə isə, müxalifətin yanaşmasının anlaşılmaz olduğunu deyib. "Əslində, hamı sevinməlidir ki, AŞ PA belə bir bəyanat verir. Yəni bir növ torpaqların azad olunması məsələsinin ən ümdə məsələ olduğu önə çəkilir. İlk növbədə, torpağı işğaldan azad etmək lazımdır. Nədənsə, bizim müxalifət torpaqların azad olunması ilə bağlı bu cür çağırışlara başqa aspektdən yanaşır" - deyə Mirzəzadə bildirib.

YAP 1992 - ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti