...

Azərbaycanın prokurorluq orqanları Gəncə polisinin vəzifəli şəxsi barədə araşdırmaya başlayıb

Siyasət Materials 4 İyul 2008 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir K.Zərbalıyeva/ Gəncə şəhər Prokurorluğu şəhər Polis İdarəsinin Nizami rayon Polis Şöbəsinin rəis müavini barəsində araşdırmaya başlayıb. Bu barədə Trend -a Gəncə şəhər Prokurorluğundan məlumat verilib.

Trend -un arayışı: Bir neçə gün öncə Gəncə vətəndaşı Zəkiyyə Həziyeva mətbuat konfransı keçirərək, Gəncə Şəhər Polis İdarəsi Nizami rayon polis şöbəsinin rəis müavini Sulduz Məmmədov və şöbənin bir neçə əməkdaşı tərəfindən işgəncələrə məruz qaldığını deyib.

O bildirib ki, iyunun 20 - də bir müddət əvvəl Gəncədə qətlə yetirilən Nadejda Nəzərlinin qətli ilə bağlı açılmış cinayət işi üzrə istintaqa şahid qismində çağrılıb.

Zərərçəkmişin sözlərinə görə, Məmmədov ona qətli törətdiyini etiraf etməyə məcbur edib. Rəis müavini tərəfindən təhqir olunduğunu, işgəncələrə məruz qaldığını deyən Həziyeva işgəncələr nəticəsində bətnindəki uşağını itirdiyini bildirib.

İşgəncə faktının araşdırılması və cavabdehlərin məsuliyyətə alınması üçün Həziyeva hüquq -mühafizə orqanlarının rəhbərlərinə müraciət edib.

Gəncə şəhər prokurorluğundan bildirilib ki, rəis müavini Sulduz Məmmədovun vətəndaş Zəkiyyə Həziyevaya işgəncə verməsi barədə zərərçəkmişin Baş Prokurorluğa müraciəti araşdırılmaq üçün şəhər prokurorluğuna göndərilib.

Araşdırma zamanı hər iki tərəfin dindirilməsi, üzləşdirilməsi aparılacaq. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, həmin polislər məsuliyyətə cəlb olunacaq.

Prokurorluqdan o da bildirilib ki, Həziyeva barəsində bu hadisədən əvvəl Gəncə şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi açılıb. O, həmin maddə ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və barəsində başqa yerə getməmək barəsində iltizam qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə, bildirib ki, vətəndaş belə bir faktla bağlı nazirliyə müraciət edibsə, onun şikayəti , sözsüz, araşdırılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti