...

Azərbaycanın paytaxtı Bakı şəhərində Heydər Əliyevin hakimiyyətə gəlməsinin növbəti ildönümü qeyd olunacaq

Siyasət Materials 11 İyul 2008 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanın paytaxtı Bakı Şəhərində Heydər Əliyevin hakimiyyətə gəlməsinin növbəti ildönümü qeyd olunacaq. "Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin ildönümü münasibətilə iyulun 14-də saat 21: 00 - da Milli Parkda saat qülləsinin yanında, Ag fəvvarənin qarşısında bayram konserti və atəşfəşanlıq keçiriləcək" -deyə cümə günü Trend -a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib. İcra Hakimiyyəti paytaxt əhalisini bayram konsertində iştiraka dəvət edib.

Trend -un arayışı: Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969 - cu il iyulun 14 - də keçirilən plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək, respublikaya rəhbərliyə başlayıb. 1982- ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilərək ,SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il SSRİ Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1987- ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990 - cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991- ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990 - cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəl Bakıda, sonra Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993 - cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992 -ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxıb. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur olublar. Heydər Əliyev 1993- cü il iyunun 15 - də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24 - də isə, Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993 - cü il oktyabrın 3 - də ümumxalq səsverməsi nəticəsində, Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998 - ci il oktyabrın 11 - də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003 - cü il oktyabrın 15 - də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev, səhhətində yaranmış problemlərlə əlaqədar, seçkilərdə iştirak etməkdən imtina edib.

.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti