...

Iran hökuməti xarici qalmaqallarla yanaşı, daxili təhdidlərdən də çəkinir - Trend News-un icmalçısı

Siyasət Materials 18 İyul 2008 11:52 (UTC +04:00)
Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir D.Xatınoğlu/ İranın ali dini rəhbəri Əli Xamenei çərşənbə axşamı verdiyi bəyanatda bildirib ki, Qərbin "rəsmi Tehrana qarşı təhdidlərini dayandırması" şərtilə, İran nüvə məsələsi ilə bağlı onlarla müzakirəyə hazırdır. Əslində, İran hökumətinin Qərb tərəfindən təhlükəsizliyinin təmin olunması barədə zəmanət istəməsi və hakimiyyətin sığortalanması rəsmi Tehran üçün böyük əhəmiyyət kəsb edir və bu zəmanət İran-Qərb arasında müzakirələrin müsbət nəticəyə çatması üçün vacibdir.

Iyun ayından etibarən İrana qarşı hərbi təhdidlərin sayı artıb. Keçən ay İsrail Aralıq dəniz sahillərində hərbi manevrlər keçirib və bu manevrlərdə İsrailin F15 və F16 növündən olan 100 qırıcı təyyarəsi 1500 km məsafədə (İsrail-İranın Nətənz nüvə stansiyası arsında olan məsafə) uçuş həyata keçirib. "Nyu-York Tayms" qəzeti Pentaqon rəsmilərinin bu manevri İrana hücum üçün hazırlıq kimi dəyərləndirmələri barədə yazıb. İran tərəfinin bu təhdidlərə qarşı göstərdiyi reaksiyalar isə göstərir ki, rəsmi Tehran daxili təhdidləri xarici təhdidlərdən daha real və təhlükəli hesb edir.

İyulun əvvəlində İranın İnqilab Keşikçiləri Korpusunun (Sepah) sədri Məhəmmədəli Cəfəri bildirib ki, Sepahın strukturunda ciddi dəyişikliklər aparılır. Bundan sonra Sepah 31 qrupa bölünəcək və hər qrup İranın bir əyalətində müstəqil fəaliyyət göstərəcək. Keçən həftə Sepahın hərbi təlim və raketlərini sınaqdan keçirməsi bu ölkənin xarici təhdidlərə hazırlaşması kimi dəyərləndirildi. Lakin Cəfərinin iyulun 15-də verdiyi bəyanatda ölkə daxilindəki təhdidlər xatırlandı: "Ölkə daxilində təhlükəsizliyi pozacaq hər cür siyasi-mədəni təhdidi dərhal boğmağa hazırıq".

Fransadaki İran Tədqiqatçılar Assosiasiyasının sədri Hüseyn Lacevərdi hesab edir ki, Sepahın 31 qrupa bölünməsi yalnız xarici təhdidlər üçün nəzərdə tutulmayıb. "İsrail, yaxud ABŞ İrana hücum edərsə, yalnız nüvə stansiyalarını bombardman edəcək. Bu, hakimiyyət üçün real təhlükə deyil. Lakin bombardmandan sonra İranın daxilində hakimiyyətdən narazı əhalinin edəcəyi üsyanların hakimiyyəti devirəcək qədər güclu olacağı istisna olunmur. Buna görə də Sepahın əyalətlərdə müstəqil fəaliyyət göstərən şəbəkələri bu üsyanları boğmağa çalışacaq və hətta ola bilsin ki, Sepahın özü dövlət çevrilişi etsin. Çünki nə Sepah, nə də xalq ruhanilərin hakimiyyətindən razi deyil", - deyə Lacevərdi bu gün telefonla Trend -a bildirib.

Seymur Hersh iyulun əvvəlində "Nyu-York Tayms" qəzetində dərc olunan məqaləsində ABŞ Konqresinin İranın daxilindəki müxalifətə 400 milyon dollar maliyyə yardımı ayırmasını iddia etmişdi. Bu iddianı ABŞ rəsmiləri təkzib etmədilər.

İran hakimiyyəti son aylar ərzində daxildəki müxalifəti aradan qaldırmaq üçün müxtəlif tədbirlər həyata keçirib. Keçən il İranın ədliyyə naziri Haşimi Şahrudi ölkədə xalqın gözü qabağında edamların dayandırılmasını elan etsə də, keçən həftə Zahidan və Səbzvar şəhərində 10 nəfər kütlə qarşısında edam olunub. Bundan əlavə, hökumətin "Milli Təhlükəsizlik" palnının yeni mərhələsi həyata keçirilib. Polisin "dələduzluq"da şübhəli bilinən hər bir iranlı vətəndaşın mənzilinə hücum etməsinə icazə verilib. Faktlar göstərir ki, rəsmi Tehran xarici təhdidlərlə yanaşı, daxildəki təhdidlərə də çox ciddi yanaşır və tədbirlər həyata keçirir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti