...

Azərbaycanın müxalifət partiyası seçkidə iştirak etməmək qərarını dəyişərək prezidentliyə namizədini irəli sürdü

Siyasət Materials 21 Avqust 2008 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalif Böyük Quruluş Partiyası (BQP) Ali Məclisinin cümə axşamı keçirilən iclasında partiyanın prezident seçkisində öz namizədi ilə iştirak etməmək barədə verdiyi qərar dəyişdirilib.

"Bizim irəli sürdüyümüz iki əsas tələb artıq yerinə yetirilib və buna görə də partiyanın Ali Məclisi seçkidə iştirak etmək barədə qərar verdi və mənim prezidentliyə namizədliyim irəli sürüldü", cümə axşamı Trend -a BQP sədri, millət vəkili Fazil Qəzənfəroğlu məlumat verib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Avqustun 2-də BQP prezident seçkisində partiyanın öz namizədi ilə iştirak etməməsi barədə qərar vermişdi. Partiya öz qərarının səbəbini Azərbaycanda seçkinin barəbar şəraitdə keçirilməsi imkanlarının məhdudlaşdırılması ilə izah etmişdi.

Qəzənfəroğlu bildirib ki, BQP-nin seçkidə iştirakdan imtina etməsinə partiyanın MSK-da təmsilçiliyinə imkan verilməməsi və təşkilata qərargah ayrılmaması səbəb olmuşdu. "Bu iki maneə ortadan qaldırıldı. İki gün öncə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi bizi qərargahla təmin edib. Qərargah təmirsiz olsa da, artıq qərargahla təmin olunmuşuq. MSK-da bizim nümayəndənin təmsilçiliyi məsələsinə gəldikdə isə, bildirilib ki, Milli Məclisin payız sessiyası başlayanda bu məsələyə müsbət münasibət bildiriləcək", - deyən BQP sədri bildirib ki, partiyaların seçkidən kənarda qalması doğru deyil.

"Bir sıra partiyalar seçkidə iştirak etməmək qərarı verib. Yəni həm də müxalifətin elektoratının hakimiyyətə meyillənməməsi üçün və Azərbaycan naminə çalışan partiya kimi bu elektoratdan bizim lehimizə istifadə olunması üçün seçkidə iştirak qərarı verildi", - deyən Qəzənfəroğlu onu da bildirib ki, bu günlərdə sənədlər MSK-ya təqdim olunacaq. "Vaxt baxımından problem olmayacaq. Partiyamızın seçki qərargahı və rayon təşkilatları seçkiyə tam hazırdır", - deyə o əlavə edib.

Müxalifətyönlü BQP 2004-cü ildə yaradılıb, 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın sədri Qəzənfəroğlu Milli Məclisin deputatıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti