...

Azərbaycanda prezident seçkisində iştirak etməyən siyasi partiyaların prosesə hüquqi qiymət verməsi düzgün deyil – müxalif partiya sədri

Siyasət Materials 11 Sentyabr 2008 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın müxalif Milli-Demokrat Partiyası (AMDP) hesab edir ki, prezident seçkisində iştirak etməyən bəzi müxalifət partiyalarının prosesə öncədən hüquqi qiymət verməsi düzgün deyil.

"Seçki keçirmədən, seçkini müşahidə etməmiş, seçkiyə qatılmadan ona hüquqi qiymət vermək düzgün deyil. Ən azı seçkidə iştirak etmək və ya prosesin müşahidəsini aparmaq lazımdır ki, əldə olunan nəticələrin təhlili əsasında hər hansı bir qiymət verilsin", cümə axşamı Trend -a AMDP sədri Tufan Kərimli bildirib.

Trend -un arayışı: Ötən həftə "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf Partiyası və Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum oktyabrın 15-də keçiriləcək prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri-legitim elan edilib.

Kərimlinin sözlərinə görə, seçkiyə qatılmamış partiyaların yanaşması səhvdir və onların seçkiyə qatılmamaqları ilə bağlı gətirdiyi arqumentlər əsassızdır. "Ən demkoratik qanunvericiliklə də seçkiləri saxtalaşdırmaq mümkündür. Ona görə də seçkilərdə iştirak etmədən prosesi qiymətləndirmək olmaz", - deyə o bildirib.

O deyib ki, sədri olduğu partiya həqiqi, səmimi millətçi quvvələrlə əməkdaşlıq etməyə hazırdır. "Partiyanın mövqeyi aydın və səmimidir. Bəzi müxalifət partiyalarının oyununda iştirak etməyəcəyik", - deyə AMDP sədri bildirib.

AMDP 1993-cü ildə yaradılıb və ilk adı "Boz Qurd" olub. 1994-cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. 1995-ci ildə Ali Məhkəmə partiyanın adının müvafiq olmadığını əsas gətirərək, "Boz Qurd"un dövlət qeydiyyatını ləğv edib. Partiya qeydiyyat problemini həll etmək üçün 1999-cu ildə keçirdiyi ikinci qurultayında adını dəyişib və Milli Demokrat Partiyası adlandırılıb. Lakin Ədliyyə Nazirliyi partiyanı qeydiyyata almaqdan imtina edir. Partiyanın keçmiş sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov 1995-2004-cü illərdə həbsdə olub. 15 il azadlıqdan məhrum edilən Həmidov 2004-cü ildə prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

Bu ilin aprelində Həmidov partiya sədrliyindən istefa verib. O, istefasını partiyada sədrliyə layiq şəxslərin olması və onlara yol açmaq istəməsi ilə izah edib. AMDP-nin nöbvbədənkənar IV qurultayında Böyük Məclis sədri Kərimli partiyanın sədri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti