...

Bakıda iki il əvvəl saxta yolla bankdan xeyli pul götürmüş qadın yaxalanıb

Siyasət Materials 24 Sentyabr 2008 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Yasamal rayonunda yerləşən bankların birinə saxtalaşdırılmış girov bileti təqdim edərək, xeyli miqdarda pul götürdüyü üçün, Əzizbəyov rayonu Binə qəsəbəsinin sakini, 38 yaşlı Aygün Seyran qızı Əliyeva sentyabrın 23 - də tutulub.

Əzizbəyov rayon Polis İdarəsindən (RPİ) çərşənbə günü Trend -a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Əliyeva 2006 -cı ilin iyun ayında tanışı, 44 yaşlı Bakı sakini, Adilə Hüseynbala qızı Şirəliyevaya qarşı dələduzluq edərək, onun atası Hüseynbala Baxşıyevə məxsus evi Yasamal rayonu ərazisində yerləşən "Atlant" bankına girov qoyub. Əliyeva bankdan 10 min ABŞ dolları götürərək onlara verəcəyini bildirib.

Araşdırma zamanı o da məlum olub ki, Əliyeva bankdan 25 min ABŞ dolları götürüb və 10 min ABŞ dolları əvəzinə, Şirəliyevaya 9 min ABŞ dolları verib.

Faktla bağlı Əzizbəyov RPİ - də Azərbaycan Cinayət Məcəlləsinin bilə-bilə saxta sənədlərdən istifadə etmə (320.2-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Azərbaycan Cinayət Məcəlləsinə görə, qeyd olunan maddə ilə təqsirləndirilən şəxsin təqsiri istintaqda və ya məhkəmədə sübuta yetirilərsə, həmin şəxs şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya səksən saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti