Türkiyənin xarici işlər naziri Əli Babacan ABŞ-ın "İnternational Herald Tribune" qəzetində çap olunmuş məqaləsində Cənubi Qafazdakı münaqişələrin regionun mühüm nəqliyyat və enerji layihələrinə ziyan vurduğunu bəyan edib. Babacan Türkiyənin sülh cəhdlərinin Qafqazdakı münaqişlərin həll edilməsi məqsədi daşıdığını bildirib. "Türkiyə Gürcüstan-Rusiya, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münaqişələrinin həllində maraqlıdır. Gürcüstan-Rusiya münaqişəsi Avropanın enerji resursları ilə təminatında mühüm nəqliyyat və enerji infrastrukturları hesab edilən Bakı, Tbilisi və Qars arasındakı dəmiryolu, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin təhlükəsizliyini şübhə altına aldı", - deyə Babacan bildirib. O, Türkiyənin sülh təşəbbüslərinin üç əsas prinsipə - dövlətlərarası siyasi inama, əməkdaşlığa və təhlükəsizliyə əsaslandığını bildirib. "Region dövlətləri arasında siyasi inam yaradılmalıdır. İnamın olmaması regionda qeyri-sabitliyə, təhlükəyə və son nəticədə Gürcüstan-Rusiya münaqişəsindəki kimi müharibəyə gətirib çıxarır", - deyə Babacan bildirib. Türkiyənin XİN rəhbəri Türkiyənin təklif etdiyi "Qafqazda sabitlik və əməkdaşlıq platforması"nın Avropa İttifaqının regiondakı siyasəti ilə üst-üstə düşdüyünü əlavə edib.
"Türkiyə Qafqazda sabitlik və əməkdaşlıq platforması yaratmağı təklif edir. Qafqazda sabitlik və əməkdaşlıq platforması nəinki Avropa İttifaqının siyasətinə zidd deyil, əksinə, Avropa İttifaqının Cənubi Qafqazda yeritdiyi qonşuluq siyasətinə uyğundur", - deyə Babacan bildirib.