Azərbaycan, Bakı, 16 oktyabr/ Trend , müxbir C.Babayeva/ Türkiyənin "Mərmərə Qrupu" Strateji Araşdırmalar Fondu Azərbaycanda keçirilmiş prezident seçkilərindən razıdır.
"Azərbaycanda prezident seçkiləri Avropa standartlarına uyğun olub və demokrtaik keçirilib", - cümə axşamı fondun üzvləri Bakıda mətbuat konfransında deyiblər.
"Mərmərə Qrupu"nun 25 nümayəndəsi 69 seçki məntəqəsində prezident seçkilərinin gedişini müşahidə edib. Onlar tərəfindən pozuntular aşkarlanmayıb.
Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri, Konya şəhərinin deputatı Mustafa Kabakçı bildirib ki, Azərbaycanda seçkilər demokratik keçib. "Azərbaycan xalqı ölkənin inkişafına və sabitliyinə səs verib", - o qeyd edib.
Oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçirilib. Qələbəni Azərbaycanın hakim partiyasının namizədi İlham Əliyev qazanıb (89, 04%).