Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamenti qanunsuz tikililərə görə cərimələrin miqdarını artırıb.
"Qanunsuz tikililərin aparılmasına görə, fiziki şəxslər 300 manatdan 600 manatadək, vəzifəli şəxslər 1500 manatdan 3000 manatadək, hüquqi şəxslər 15 min manatdan 30 min manatadək cərimə olunacaqlar", - deyə Parlamentin çərşənbə axşamı keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirib.
Parlamentin iclasında bu məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsinin və Cinayət - Prosessual Məcəlləyə edilən dəyişikliklər təsdiq edilib.
Trend - un arayışı: İndiyədək qanunsuz tikinti aparan fiziki şəxslər 35 manatdan 40 manatadək, vəzifəli şəxslər isə 70 manatdan 90 manatadək miqdarda cərimə olunurdular.
Hüseynov qeyd edib ki, razılıq alınmadan inşa edilən tikililərin mülkiyyət hüququ məhkəmə tərəfindən tanınarsa, bunu edən şəxslər inzibati məsuliyət daşıyacaqlar.
"Mövcud tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidənqurma işlərinin aparılmasına, nəqliyyat şəbəkələrinə və qurğularına qoşulmasına görə, fiziki şəxslər 300 manatdan 600 manatadək, vəzifəli şəxslər 1500 manatdan 3000 manatadək, hüquqi şəxslər 15 min manatdan 30 min manatadək cərimə olunacaqlar. Bağ evlərinin tikintisi qaydalarının pozulmasına görə də bu miqdarda cərimə nəzərdə tutulur", - deyə komissiya sədri əlavə edib.
Deputat Qənirə Paşayeva bildirib ki, təklif olunan cərimələrin miqdarı da azdır. Qanunsuz tikililərin qarşısının alınması üçün İcra hakimiyyəti strukturlarının məsuliyəti artırılmalıdır: "Cərimələrlə bu prosesin qarşısı alınmayacaq".
Deputat Fazil Qəzənfəroqlu da qeyd edib ki, cərimələri artırmaqla problemi həll etmək mümkün olmayacaq.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]