Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir R.Novruzov/ Avropa Şurasının (AŞ) xüsusi bürosu və daimi komitəsinin noyabrın sonunda Madriddə keçiriləcək iclasında Azərbaycandakı prezident seçkisinin yekunları nəzərdən keçiriləcək.
"Hazırda mənim Madriddə keçiriləcək iclasda təqdim edəcəyim seçki üzrə hesabatın sonuncu hazırlanma mərhələsi gedir", - AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andreas Herkel çərşənbə günü Tallindən telefonla Trend -a bildirib.
Herkelin sözlərinə görə, Azərbaycanda prezident seçkisi üzrə yekun hesabat iki həftədən sonra Parisdə iclas keçirəcək xüsusi monitorinq komitəsinə təqdim ediləcək. Monitorinq komitəsi hesabatı nəzərdən keçirmək üçün Madridə - xüsusi büro və daimi komitənin müzakirəsinə göndərəcək. Büro hesabatı ya uyğunlaşdırmalı, ya da ilkin şəkildə qəbul etməlidir.
Seçkinin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev digər namizədlərdən çox səs toplayıb - 88.73 faiz.
Dövlət başçısı vəzifəsinə ümumilikdə yeddi namizədlik irəli sürülmüşdü - Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.
Digər namizədlər - İqbal Ağazadə - 2, 86 faiz, Fazil Qəzənfəroğlu - 2,47 faiz, Qüdrət Həsənquliyev - 2,28 faiz, Qulamhüseyn Əlibəyli - 2,23 faiz, Fuad Əliyev - 0,78 faiz, Hafiz Hacıyev - 0,65 faiz səs toplayıb.
ATƏT və AŞ-nin Azərbaycanda prezident seçkisindəki müşahidə missiyaları ilə birgə ilkin hesabatında seçkilərin keçirilməsində nəzərəçarpacaq irəliləyişlər qeyd olunsa da, xüsusilə də plüralizm, kampaniyanın düzgün keçirilməsi, həmçinin kütləvi informasiya vasitələri ilə bağlı vacib beynəlxalq öhdəliklərin ödənilməsi üçün əlavə səylərin zəruri olduğu da vurğulanıb.
"Azərbaycanda keçirilmiş prezident seçkisi zamanı xeyli irəliləyiş qeydə alınsa da, seçkilər ölkənin götürdüyü beynəlxalq öhdəliklərə cavab vermir", - ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), Avropa Şurası Parlament Assambleyasının (AŞPA) və Avropa Parlamentinin birgə hesabatında bildirilirdi.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]