...

Demokratlar Azərbaycana münasibətdə mövqelərini ifadə etməyiblər, ona görə Rusiya və Türkiyə regionda lider olaraq qalacaq – RF İctimai Palatasının üzvü

Siyasət Materials 5 Noyabr 2008 15:29 (UTC +04:00)

Rusiyanın İctimai Palatasının üzvü, Birinci kanalın aparıcısı Maksim Şevçenko xüsusi olaraq Trend üçün

Hələ seçkiqabağı kampaniya zamanı Barak Obama beynəlxalq siyasətə olduqca az yer ayırdı və Con Makkeyndən fərqli olaraq heç bir qlobal beynəlxalq ideyalar irəli sürmədi. Amerikanın özündə siyasi vəziyyət dəyişib - uzun müddət ərzində ilk dəfədir ki, bir partiya - demokratlar Ağ Ev, Konqres və Senata nəzarət edir və bu o deməkdir ki, istənilən qanun indi heç bir maneə olmadan bütün instansiyları keçə bilər. Faktiki olaraq Amerikada birpartiyalı sistem işə başlayıb, belə ki, respublikaçılar müxalifətə keçib və onların səsi yalnız məsləhətçi mahiyyət daşıyır.

Cənubi Qafqaz regionuna gəldikdə isə, amerikalıların Qafqazdakı vəziyyəti Yaxın Şərq və Kiçik Asiyadakı vəziyyət kontekstində nəzərdən keçirdiklərini nəzərə alaraq, qabaqcadan bunları demək olar: əgər Barak Obama həqiqətən vəd etdiyi kimi qoşunları İraqdan çıxararsa, o zaman bu, İraqın üç dövlətə - sünnü, şiə və kürd dövlətlərinə parçalanmasına gətirib çıxaracaq, çünki İraq hakimiyyəti üç böyük düşərgəni idarə edə bilməz. Təsəvvür edək ki, regionda paytaxtı Mosul olan böyük kürd dövləti yaranır. Bu, ümumilikdə Cənubi Qafqaz regionunda geosiyasi bölgüyə köklü şəkildə təsir göstərir və bu, Türkiyədə, eləcə də Ermənistanda müəyyən reaksiyaya səbəb olur. Eyni zamanda Azərbaycan da buna hansısa formada reaksiya verir. Bundan əlavə, xatırlamaq lazımdır ki, Mixail Saakaşvili Makkeynin sevimlisi idi və dəfələrlə ona olan sevgisini, dəstəyini nümayiş etdirmiş, bir ata kimi xeyir-dua vermişdi. Demokratlar Saakaşviliyə münasibətlərini dəyişəcəklərmi, Tbilisi rejiminin radikal dəstəyindən imtina edəcəklərmi?

Qarabağ məsələsi bu gün və yaxın illərdə Barak Obama üçün kifayət qədər periferikdir. Əgər Amerika qoşunları həqiqətən İraqdan çıxarılarsa və regonda yeni milli dövlətlərin yaranması məqsədinə yol verilərsə, o zaman amerikalıların Qarabağ məsələsinin həllinə müvafiq yanaşmalarını proqnozlaşdırmaq olar. Amerikalılar ermənilərlə münasibətləri pozmayacaq. Kaliforniya Obamaya səs verib və o, əsasən ermənilərin ştatıdır, orada olduqca çox sayda erməni var. Demokratlar Azərbaycana qarşı münasibətdə öz mövqelərini tam olaraq heç cür ifadə edə bilməyiblər, ona görə Rusiya və Türkiyə region üzrə siyasi nizamlanma məsələsində daha çox maraqlı olan lider və ölkə olaraq qalacaq. Və Dağlıq Qarabağ münaqişəsinin həllində liderlik yenə də Rusiya Federasiyası və Türkiyə Cümhuriyyətinə məxsus olacaq.

Müəllifin rəyi Trend informasiya agentliyi redaksiyasının rəyi ilə üst-üstə düşməyə bilər.

Xəbər lenti

Xəbər lenti