Azərbaycan, Bakı, 14 noyabr / Trend , müxbir İ.Əlizadə / Azərbaycan parlamentinə 2009 - cu ilin dövlət büdcəsindən 16 milyon 366 min manat ayrılması nəzərdə tutulub. "2009 - cu il üçün Milli Məclis və onun Aparatının xərcləri 16 milyon 366 min manat həcmində hesablanıb", - bu barədə parlamentin cümə günü keçirilən iclasında Milli Məclisin işlər idarəsinin müdiri Firudin Hacıyev bildirib.
Trend -un məlumatına görə, iclasda parlamentin büdcəsi müzakirə olunub.
Onun sözlərinə görə, ayrılan vəsaitin 72,5% - i əmək haqqı və əmək haqqı ilə bağlı ayırmalar təşkil edir. Hacıyev vurğulayıb ki, son illər parlament xətti ilə Azərbaycana gələn və azərbaycanlı deputatların xaricə ölkələrə səfərləri artıb. Ona görə də parlamentin büdcəsində ezamiyyə xərcləri üçün 1,8 milyon, rabitə xərcləri üçün 206,16 min, yanacaq və sürtgü materiallarının alınması və nəqliyyat xidmətlərinin ödənilməsi üçün 307,544 min, nəqliyyat vasitələrinin alınmasına 300 min, qeyri - maddi aktivlərin alınmasına 300 min manat vəsait nəzərdə tutulub.Hacıyev qeyd edib ki, parlament işçilərinin maaşları da 2009 - cu ildə artırılacaq.
"2009 - cu ilin sentyabrında parlamentin yeni 15 mərtəbəli binasının istifadəyə verilməsi nəzərdə tutulub. Hazırda binanın 13 - cü mərtəbəsi tikilir", - deyə o əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]