Azərbaycan, Bərdə, 17 noyabr / Trend , müxbir Ş.Cəliloğlu / Hərbi hissədən qaçan Azərbaycan əsgəri əsir düşüb.
Azərbaycanın Füzuli rayonu ərazisində yerləşən (Bakıdan 360 km cənub-qərbdə) "N" saylı hərbi hissədən qaçan əsgərin Ermənistan tərəfə keçdiyi və ya əsir düşdüyü bildirilir, bazar ertəsi Trend -a hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.
Tərtər rayon Hərbi Komissarlığından bu ilin aprelində hərbi xidmətə çağırılan əsgər Orxan Şamilov silahı ilə birgə noyabrın 15-də döyüş mövqeyini tərk edib.
Tərtər rayonu Polis İdarəsi tərəfindən əsgərin tapılması üçün noyabrın 15-16-da əməliyyat-axtarış tədbirləri aparılsa da, bazar ertəsi idarədən Trend -a bildirilib ki, rayonda qurulan postlar götürülüb və əməliyyat-axtarış tədbirlərinə son verilib.
Hadisə ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən əlavə məlumat verilməyib.
Bundan öncə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 8 oktyabr 2008-ci il tarixdə qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.
Hüquq-mühafizə orqanlarındakı digər mənbə bazar ertəsi Trend -a bildirib ki, əsgər Ermənistan tərəfə keçməyə cəhd etsə də, Ermənistan Silahlı Qüvvələrinin əsgərləri tərəfindən öldürülüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]