Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir D.Xatınoğlu/ Amerikanın qeyri-hökümət təşkilatı kimi fəaliyyət göstərən ABŞ-İran Şurasının (AİŞ) (American-İranian Council)Tehranda ofis açmaq məqsədilə lisenziya almaq üçün rəsmi Tehrana müraciəti rədd olunmayıb.
AİŞ sədri Huşənə Əmir Əhmədi noyabrın 18-də Vaşinqtondan telefonla Trend -a bildirib ki, 3 ay bundan əvvəl AİŞ İranda ofis açmaq üçün rəsmi Tehrana müraciət edib, lisenziya almaq üçün sənədləri İran DİN-ə təqdim edib və indiyədək yazılı şəkildə İran hakimiyyətindən rədd cavabı almayıb.
Onun sözlərinə görə, lisenziya almaq prosesi davam edir.
Keçən ay İran parlamenti tərəfindən işdən uzaqlaşdırılmış DİN rəhbəri Əli Kordan mətbuata açıqlamasında AİŞ-ın İranda fəaliyyətinə icazə verilməyəcəyini bildirmişdi, lakin Əhmədinin sözlərinə görə, lisenziya prosesi davam edir: "İran DİN AİŞ-dən lizensiya üçün lazimi sənədləri tələb edib və biz də təqdim etmişik. Bu sənədlər Təhlükəsizlik İdarəsi və XİN-də araşdırılacaq və ümid edirik ki, tezliklə İran lisenziya ilə bağlı müsbət qərar qəbul edəcək" .
ABŞ XİN ilk dəfədir ki, öz QHT-sinin İranda fəaliyyət göstərməsinə razılıq verib. Bundan əvvəl, AİŞ sədri bir neçə dəfə İrana səfər edib və İran prezidenti Mahmud Əhmədinejadla görüşüb. AİŞ 1997-ci ildən İran və ABŞ münasibətlərinin bərpasına çalışır.
AİŞ sədri Barak Obamanın ABŞ-ın prezident seçkilərində qələbəsinin İran-ABŞ münasibətlərinə, həmçinin İranın AİŞ-ə Tehranda fəaliyyət göstərmək üçün icazə verməsinə böyük təsiri olacağını proqnozlaşdırıb.
Əhmədi Amerikanın qeyri-rəsmi şəxslərinin İrana dəvət olunmasını həmin proqnozunun təsdiqi kimi qiymətləndirib.
Noyabrın 16-da Amerikanın altı universitetinin rektoru İrana dəvət olunub və İranın təhsil nazirilə görüşüb. Onların prezident Mahmud Əhmədinejadla görüşü də nəzərdə tutulub.
Əhmədi bildirib ki, əlbəttə, bu görüşlər Amerikanın qeyri-rəsmi şəxslərinin İran rəsmilərilə görüşüdür, diplomatik münasibət deyil, lakin iki ölkə rəsmiləri arasında müzakirələrə başlanğıc ola bilər.
Onun fikrincə, İran-Amerika ikitərəfli diplomatik münasibətləri aktivləşmə mərhələsindədir.
İran və Amerika arasında münasibətlər 1979-ci il noyabrın 4-də "İmam yolu davamçılarının tələbələri" tərəfindən Amerikanın Tehrandakı səfirliyi ələ keçirildikdən və səfirliyin diplomatları və işçiləri girov götürüldükdən sonra gərginləşib.
Hazırda 30 ilə yaxındır ki, İran və Amerika arasında birbaşa diplomatik əlaqə yoxdur. Amerikanın İranda mənafeyini İsveçrənin İrandakı səfirliyi, İranın ABŞ-da mənafeyini isə Pakistan səfirliyi təmsil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]