Azərbaycan, Bakı, 20 noyabr/ Trend /
Ellada Xankişiyeva, Trend -ın Analitik Mərkəzinin direktoru
Avropalıların 2009 - cu ildə gəlirlərinin azalması və yoxsulların sayının artması barədə təlaşlı əhval-ruhiyyələri fonunda, gələn il azərbaycanlıların həyat səviyyəsi haqqında proqnozlar daha nikbin görünür.
Əhlainin pul gəlirləri və xərcləri üzrə hökumətin proqnozuna əsasən, 2008 - ci illə müqayisədə, gələn il Azərbaycan vətəndaşlarının gəlirləri 22,5 faiz - 22,77 mlrd. manatadək artacaq. Lakin dünya maliyyə bazarlarında həyəcanlı tendensiyalar və yüksək inflyasiya gəlirlərin artım templərinə təsir göstərəcək və bu temp 2008 - ci illə müqayisədə 7,4 faiz bəndi azalacaq.
2009 - cu ildə əhalinin pul gəlirlərinin strukturunda birinci yeri sahibkarlıq fəaliyyətinə görə gəlirlər tutacaq. Gələn il belə gəlirlərin həcmi 11300 mln. manat və ya əhalinin bütün gəlirlərinin 49,6 faizini təşkil edəcək.
Əhalinin pul gəlirlərinin böyüklüyünə görə ikinci göstəricisi əmək haqqıdır. Proqnozlara əsasən, 2009 - cu ildə onun orta aylıq ölçüsü 353 manat təşkil edəcək ki, bu da 2008 - ci ilin proqnozundan 26 faiz çoxdur. Əmək haqqı fondunun ümumi həcmi 7470 mln. manata çatacaq və ya bütün gəlirlərin 32,8 faizini təşkil edəcək.
Sosial transfertlər əhəmiyyətli olsa da, heç də əhalinin pul gəlirlərinin ən iri bəndi deyil və gələn il 1851,3 mln. manat (8,1 faiz) məbləğində qiymətləndirilir. Bura əhalinin sosial baxımdan zəif kateqoriyası üçün əsas gəlir mənbəyi olan pensiya, təqaüdlər və müxtəlif müavinətlər daxildir.
Azərbaycanlıların xaricdən aldıqları transfertlər ev təsərrüfatlarının maliyyələşdirilməsində vacib elementdir və yoxsulluğun azalmasına təsir göstərir. Həcminə görə o, dövlətin trasnfertlərindən də çoxdur. Hökumətin proqnozlarına əsasən, 2009 - cu ildə onların həcmi 2050 mln. manata çatacaq ki, bu da sosial transfertlərdən 198,7 mln. mant və ya 11 faiz çoxdur.
Gəlirlərin ən kiçik bəndi mülkiyyətdən gələn gəlirlərdir. Gələn il bu növ gəlirlərin həcmi 102 mln. manat və ya Azərbaycan əhalisinin ümumi gəlirlərinin 0,45 faizinə bərabər olacaq. Qeyd etmək lazımdır ki, bu fəaliyyət növündən əldə edilən gəlirlərin xeyli hissəsi "kölgədə" qalır və rəsmi hesablamaya təqdim edilmir.
Hökumətin eyni proqnozuna görə, gələn il əhalinin xərcləri 18145 mln. manat təşkil edəcək ki, bu da onların pul gəlirlərindən 20,3 faiz azdır. 2008 - ci ilin proqnozu ilə (14567 mln. manat) müqayisədə, bu göstəricinin artım tempi 10 faiz azalacaq.
Gələn il xərclərin əsas hissəsini - 87,2 faizi və ya 15825 mln. manatını malların alınması və xidmətlərin ödənilməsi təşkil edəcək. 2009 - cu ildə məcburi (vergilər) və könüllü ödənişlərə əhali tərəfindən 2320 mln. manat sərf ediləcək ki, bu da 2008 - ci illə müqayisədə 21,6 faiz çoxdur.
Əhalinin 4628,3 mln. manat həcmində qənaət edilmiş vəsaitləri qeyri - maddi (565 mln. manat) və maddi (4063,3 mln. manat) aktivlərin yığılmasına yönəldiləcək. Sonunculardan 780 mln. manat əmanətlər və qiymətli kağızların payına düşür. Əmanət və ya gələcəkdə gəlirin əldə edilməsi məqsədilə xarici valyuta ilə əməliyyatlarda 2066 mln. manat cəmləşdiriləcək, nəqd pulların dəyişdirilməsində isə, əhali 1217,3 mln. manat qənaət edəcək.
Beləliklə, əhalinin pul gəlirləri və xərclərinin proqnoz balansına görə, gələn il azərbaycanlıların xeyli gəlirləri olacaq. Lakin dünya maliyyə böhranının nəticələrinin gözlənilməzliyi və qeyri - müəyyənlik qarşısında qorxu vətəndaşların əmanətlərin yığılmasında aktivliyini stimullaşdıracaq.