Azərbaycan, Bakı, 21 noyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev ədliyyə işçilərini, hakimləri və veteranları Azərbaycan ədliyyəsinin 90 illik yubileyi münasibətilə təbrik edib.
Prezident təbrikində bildirib ki, Azərbaycanda aparılmış məhkəmə-hüquq islahatları nəticəsində ölkədə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradılıb, demokratik prinsiplərə əsaslanan yeni məhkəmə sistemi təsis edilib, ədliyyə orqanlarının səlahiyyətləri genişləndirilib və onun qarşısında yeni vəzifələr qoyulub, şəffaf prosedurlar əsasında peşəkar hakim və ədliyyə korpusu formalaşdırılıb.
Hüquq sisteminin təkmilləşdirilməsi həmçinin əhaliyə göstərilən notariat və digər hüquqi xidmətlərin, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, məhkəmə ekspertizasının, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin müasir tələblər səviyyəsində qurulmasına yönəldilib.
Prezidentin təbrik məktubunda deyilir ki, hazırda məhkəmə və ədliyyə orqanları qarşısında qanunçuluğun təmin edilməsi və ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılması, qanun yaradıcılığı və hüquqi maarifləndirmə, insan hüquqlarının müdafiəsi, cəza-icra siyasətinin humanistləşdirilməsi, yeni informasiya texnologiyalarının tətbiq edilməsi, yüksək hazırlıqlı hüquqşünaslardan ibarət kadr potensialının formalaşdırılması kimi vəzifələr durur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]