Azərbaycan, Bakı, 28 noyabr/ Trend , müxbir İ. Əlizadə / Azərbaycanın Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu Bakının Qaradağ rayonunun Lökbatan xəstəxanasında baş vermiş partlayışla bağlı birgə məlumat yayıblar.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində 19 saylı xəstəxanada partlayış noyabrın 25 - də baş verib. Nəticədə, xəstəxananın cərrahı və tibb bacısı ciddi xəsarət alıblar. Cərrah Rəvayət Mütəllimov sağ əlini və sağ gözünü itirib.
Qaradağ RPİ - nin məlumatına görə, saxlanılan şəxs - Bakı sakini, 1969 - cu il təvəllüdlü Sabir Hüseynov etiraf edib ki, əl qumbarasını cərrah Rəvayət Mütəllimovun cibinə atıb. Buna, cərrahla Hüseynovun xəstəxanada işləyən həyat yoldaşı və baldızı arasında yaranmış mübahisə səbəb olub.
Azərbaycanın Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu baş vemiş hadisə ilə bağlı birgə məlumatında qeyd olunub ki, geniş ictimai rezonans doğuran bu fakt üzrə Cinayət Məcəlləsinin 29 (cinayət etməyə cəhd), 120.2.4 (ümumi təhlükəli üsulla adam öldürmə) və 228 - ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılaraq, istintaq - əməliyyat qrupu yaradılıb: "Aparılan araşdırmalar nəticəsində məlum olub ki, həmin gün, gecə növbəsindən çıxan həkim - cərrah Rəvayət Mütəllimov otaqdakı şkafdan köynəyini götürərkən, onun arasında parçaya bükülmüş ağır bir əşyanın olduğunu aşkar edib. Əşyaya baxmaq istərkən qumbara detonatorunun açılmasını bildirən səs eşidib və dərhal onu kənara atıb. Əşyanın partlaması nəticəsində, Rəvayət Mütəllimov və orada olan tibb bacısı Reyhan Pirquliyeva ağır bədən xəsarətləri alıblar. Zərbə dalğasından qapı və pəncərələr sınıb, otaqdakı inventarlar yararsız hala düşüb".
Məlumatda bildirilib ki, ekspert tədqiqatları həmin əşyanın əl qumbarası olduğunu göstərib. İstintaq- əməliyyat qrupu qumbaranın Müşfiqabad qəsəbəsində qeydiyyatda olan, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü Sabir Hüseynov tərəfindən xəstəxananın cərrahiyyə şöbəsinin müdiri İlyas Həmidovun həyatına ümumi təhlükəli üsulla qəsd etmək məqsədi ilə gətirildiyini müəyyənləşdirib.
"Həyata keçirilən təxirəsalınmaz əməliyyat - axtarış tədbirləri nəticəsində, Sabir Hüseynov təqsirləndirilən şəxs qismində saxlanılıb", - deyə birgə məlumatda qeyd olunub.
Cinayət işinin istintaqı davam etdirilir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]