...

Xocalı soyqırımının tanınması ilə bağlı Ukrayna parlamentinə müraciət ediləcək

Siyasət Materials 18 Dekabr 2008 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir A. Hüseynbala/ Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımın tanınması ilə bağlı Ukrayna parlamentinə yenidən müraciət ediləcək.

"Ukraynada hakimiyyət böhranı yarandığından, birinci məktubumuza indiyədək reaksiya verilməyib", - cümə axşamı Trend - a Ukrayna Azərbaycanlıları Konqresinin rəhbəri Akif Gülməmmədov bildirib.

Trend - un arayışı: 1992 - ci il fevralın 25 - dən 26 -na keçən gecə Ermənistan Silahlı Qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ - nin Xankəndidə yerləşən 366 - cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə, Xankəndi və Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirib.

Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb, insanların başı kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarınları süngü ilə deşik - deşik edilib. Səkkiz ailə bütövlükdə qətlə yetirilib. 487 nəfər yaralanıb. Yaralananların 76 nəfəri usaq olub. 1275 nəfər girov götürülüb, 150 nəfərin aqibətindən hələ də xəbər yoxdur.

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən, əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilib.

Gülməmmədovun sözlərinə görə, hər il Xocalı soyqırımı ilə bağlı Azərbaycan diasporu Ermənistanın Ukraynadakı səfirliyinin, eləcə də ATƏT-in bu ölkədəki ofisinin qarşısında etiraz aksiyaları keçirilir.

"Ukraynada hakimiyyət böhranı başa çatan kimi Konqres adından Xocalı soyqırımının tanınması ilə bağlı Ali Radaya növbəti dəfə müraciət edəcəyik", - Konqresin rəhbəri qeyd edib.

Gülməmmədov deyib ki, Ukraynada Azərbaycan diasporunun formalaşması başqa ölkələrlə müqayisədə daha sürətlə gedir.

"Ukrayna inzibati cəhətdən 27 regiona bölünüb. İndi hər regionda Konqresimizin nümayəndəliyi var və bu da diasporun təşkilatlanması prosesinin normal getməsini təmin edir", - Ukrayna Azərbaycanlıları Konqresinin rəhbəri əlavə edib.

Ukraynada 500 minə yaxın azərbaycanlı yaşayır. Onların 213 mini bu ölkənin vətəndaşlığını qəbul edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti