Azərbaycan, Bakı, 06 fevral / Trend müxbir N.Аbdullayeva/ "Ukrayna Azərbaycanda strateji tərəfdaşını görür", - cümə günü Trend -a Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk deyib.
"Buna ən böyük sübutlardan biri, məsələn, Ukrayna və Azərbaycan arasında ən yüksək siyasi səviyyədə əlaqələrin dinamikasıdır, - Klimçuk bildirib. - Sadəcə ötən il ərzində bizim prezidentlər əməkdaşlıqların müxtəlif istiqamətlərində ikitərəfli qarşılıqlı fəaliyyət üzrə vacib məsələləri müzakirə etmək üçün üç dəfə görüşüblər".
1992-ci il fevralın 6-da müstəqil Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlər qurulub.
"Diplomatik münasibətlərin qurulması haqda danışarkən qeyd etmək lazımdır ki, Ukrayna və Azərbaycan xalqları bir neçə yüz illər ərzində inkişaf edərək öz dövlətçiliyi və azadlığına doğru birlikdə, çiyin-çiyinə, bir-birini dəstəkləyərək addımlayıblar", - Klimçuk bildirib.
"Bu gün Azərbaycan-Ukrayna diplomatik münasibətlərinin 17 ili tamam oldu", - səfir vurğulayıb.
1995-ci il iyulun 28-də, Bakıda Ukrayna prezidenti Leonid Kuçma və Azərbaycan prezidenti Heydər Əliyev iki dövlət ərazisində səfirliklərin açılması haqda protokol imzalayıb. 1996-cı il mayın 5-də Ukraynanın Azərbaycandakı səfirliyi açılıb. Azərbaycanın Ukraynadakı səfirliyi isə 1997-ci il martın 12-dən etibarən fəaliyyətə başlayıb.
1918-ci ildə Kiyevdə Azərbaycanın diplomatik nümayəndəliyi açılmış, 1919-cu ildə isə Bakıda Ukraynanın xüsusi diplomatik missiyası yerləşdirilmişdi.
"Minlərlə azərbaycanlı Ukraynada təhsil alıb. Bizim ölkədə Azərbaycanın milli lideri, Ukrayna üçün çox işlər görmüş Heydər Əliyevin xatirəsini unutmur və hörmətlə yad edirlər. Onun bilavasitə iştirakı ilə Ukrayna və Azərbaycan arasında dövlətlərarası münasibətlərin təməli qoyulub", - Klimçuk əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]