...

ATƏT referendumun keçirilməsində Azərbaycanın uğura nail olacağına əmindir

Siyasət Materials 3 Mart 2009 12:25 (UTC +04:00)
ATƏT referendumun keçirilməsində Azərbaycanın uğura nail olacağına əmindir

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir C.Babayeva /  

ATƏT Azərbaycandakı referendumu müşahidə etməyəcək. "ATƏT-in insan hüquqları və demokratik institutlar üzrə bürosu referendumu müşahidə etmir. ATƏT-in bu strukturu yalnız prezident və parlament seçkilərini müşahidə edir", - çərşənbə axşamı təşkilatın Bakı ofisinin başçısı vəzifəsini icra edən Aleksis Şaxtaxtinski deyib.

Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

"Azərbaycan referendumun beynəlxalq səviyyədə keçirilməsində maraqlı olmalıdır", - Şaxtaxtinski çərşənbə axşamı ATƏT-in Bakı ofisi, Prezidentin İcra Aparatı və Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunan seçki prosesinə müdaxilələrin qarşısının alınmasına həsr olunmuş informasiya sessiyalarında bildirib.

"Əminəm ki, Azərbaycan referendumun keçirilməsində uğura nail olacaq", - o qeyd edib. 

Azərbaycanda keçiriləcək referendumla bağlı yaradılmış təşviqat qrupları fevralın 18-dən etibarən təşviqat kampaniyasına start veriblər. Referendum üzrə qəbul olunmuş təqvim planına əsasən, təşviqat kampaniyası martın 16-sı gecə saat 00:00-da bitməlidir.

Təşviqat qrupları üçün İctimai Televiziyada pulsuz efir vaxtı şənbə günü 18:15-dən 19:45-dək, İctimai Radioda isə çərşənbə günü 20:15-dən 21:45-dək ayrılıb.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da aqitiv kimi qeydiyyata alınıb. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Respublikası", "Milli müstəqillik" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Xəbər lenti

Xəbər lenti