...

Birləşmiş Ştatların siyasətində dəyişiklik nəzərə çarpmır – İranın dini lideri

Siyasət Materials 11 Mart 2009 18:37 (UTC +04:00)

Çərşənbə günü İranın dini lideri Əli Xameneinin "ABŞ Prezidenti Barak Obamanın siyasətində hələ ki, dəyişiklik görmürəm" deməsindən sonra Türkiyənin Tehranla Vaşinqtonun münasibətlərini yaxşılaşdırmaq cəhdləri dayandırılıb. 

"ABŞ hökuməti əvvəlki kursuna sadiqdir və amerikalıların səhvlərini düzəltmək istəyi görünmür", - İranın dini lideri Xamenei Türkiyə Prezidenti Abdulla Gülə bildirib.  

Hazırda Abdulla Gül Tehranda düzənlənən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirak edir. DPA xəbər verir ki, Gülün İrana səfərindən az öncə mətbuatda Türkiyə Prezidentinin İran Prezidenti Mahmud Əhmədinejata amerikalı həmkarı Barak Obamadan məlumat çatdıracağı xəbəri yer almışdı.  

"ABŞ Əfqanıstanda, İraqda və Qəzzada kobud səhvlərə yol verib", - İranın bütün dövlət işlərində son söz sahibi olan Xamenei bildirib.  

Türkiyə hökuməti ABŞ və İran arasında vasitəçi olmağa razılıq versə də, bu məlumat heç bir rəsmi şəxs tərəfindən təsdiqlənməyib.

Abdulla Gül Tehrana səfərindən öncə demişdi ki, İran siyasi mövqeyinə yenidən baxmalıdır və Barak Obamanın Ağ Evdə hakimiyyətə gəlişi vacib məsələ olduğundan bütün ölkələr siyasətlərinə yenidən nəzər salmalıdırlar.

Rəsmi Vaşinqton təxminən 30 illik diplomatik soyuqluqdan sonra İrana qarşı ABŞ siyasətinin dəyişdirilməsini və birbaşa danışıqların vacibliyini vurğulamışdı.

Rəsmi Tehran bu addımı alqışlayaraq gələcək əlaqələrin qarşılıqlı hörmət, ABŞ tərəfindən İranın beynəlxalq hüququnun tanınması üzərində qurulmasını qeyd edib. İranın nüvə siyasətinin təqibinə də ABŞ tərəfindən son qoyulmasını rəsmi Tehran xüsusi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti